Gözləri mütəmadi olaraq ovmaq zahirən zərərsiz bir hərəkət kimi qəbul edilsə də, əslində olduqca ciddi nəticələrə səbəb ola bilər.
Yurd.Media xəbər verir ki, bu barədə rusiyalı göz həkimi Ksenia Qorbaçeva məlumat verib.
Gözləri ovmaq əvəzinə süni göz yaşı damcılarından istifadə etmək, fizioloji məhlulla yumaq, allergik reaksiyalar zamanı isə sərin kompreslər qoymaq daha etibarlı üsullardır.
"Bu vərdiş buynuz qişanın (korneanın) üzərində zədələnmələrə, iltihabi proseslərə və görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər.
Mütəxəssisin bildirdiyinə görə, daimi mexaniki təzyiq nöqtəvi keratopatiyaya (epitel qatının zədələnməsi) və eroziyalara yol aça bilər. Nəticədə bulanıq görmə, narahatedici hisslər, qızartı və "gözə qum düşmüş" kimi şikayətlər meydana gələ bilər. Belə dəyişikliklər mütləq müalicə və mütəxəssis nəzarəti tələb edir.
"İnsan əllərində çox sayda mikroorqanizm mövcud olur. Bu səbəbdən əllərin gözlə tez-tez təması infeksion xəstəliklərin, o cümlədən konyunktivitin və belfaritin yaranmasına gətirib çıxara bilər. Kontakt linzalardan istifadə edən şəxslər xüsusilə ehtiyatlı olmalıdırlar, belə ki, infeksiya linzanın altına keçərək keratit xəstəliyinə səbəb ola bilər.
Allergik reaksiyalardan əziyyət çəkən insanlarda qaşınma hissinə görə gözlərin ovulması daha tez-tez rast gəlinir. Lakin bu halda histamin ifrazı güclənir, qaşınma daha da artır və bir növ "qüsurlu dövran" formalaşır. Bundan başqa, gözlərin ovulması göz yaşı mayesindəki iltihabi göstəricilərin yüksəlməsinə gətirir ki, bu da ümumi vəziyyəti daha da ağırlaşdırır.
Davamlı və intensiv şəkildə ovma buynuz qişanın incəlməsinə, bunun nəticəsində isə keratokonus (korneanın konusvari formaya düşməsi) xəstəliyinin inkişafına səbəb ola bilər. Bu, xüsusən lazer görmə korreksiyası və ya digər cərrahi müdaxilələr keçirmiş şəxslərdə daha böyük risk daşıyır. Keratokonus görmənin korreksiyasını əhəmiyyətli dərəcədə çətinləşdirir və hər zaman eynək və ya linza vasitəsilə aradan qaldırıla bilmir".
Qorbaçeva həmçinin qeyd edib ki, uzun müddətli və güclü göz ovma vərdişi gözdaxili təzyiqin artmasına, qlaukomanın yaranmasına və ya artıq mövcud olan xəstəliyin kəskinləşməsinə yol aça bilər.
Gözlərdə qum və ya yad cisim hissi, göz yaşarması, işığa həssaslıq, kəskin ağrı və görmənin zəifləməsi müşahidə edilərsə, dərhal mütəxəssisə müraciət etmək zəruridir.