Naxçıvanda səhiyyə müəssisələrinin gələn il üçün tibbi təminatına 4 milyon manat vəsait ayrılıb.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Naxçıvan MR Səhiyyə Nazirliyi “Azəri Med” şirkəti ilə müqavilə bağlayıb.
Belə ki, müqavilədə Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssələrinin 2026-cı il üçün ehtiyac olan dərman vasitələri,sərfiyyat materialları və reaktivlərin satınalınması nəzərdə tutulub.
Bağlanmış müqavilənin maliyyə dəyəri 4 milyon manat olaraq müəyyənləşib.
Qeyd edək ki, "Azəri Med" QSC 2004-cü ildə 10 000 manatlıq nizamnamı kapitalı ilə təsis edilib. Şirkət tibbi avadanlıqların satışını həyata keçirir. Bu sahədə inhisarçı şirkətlərdən hesab edilir.
Şirkətin deputat Kamaləddin Qafarova məxsus olması barədə iddialar var. Şirkətlə bağlı məlumatları təhlil etdikdə bu iddiaların əsassız olmadığı qənaəti yaranır.
"Azəri Med" QSC-nin 2009-2013-cü illərdə qanuni təmsilçisi olmuş Qafarov Hüsaməddin Şəmsəddin oğlu Kamaləddin Qafarovun yaxın qohumudur. Bundan başqa, reyster məlumatlarında şirkətin hüquqi ünvanı kimi qeyd edilən Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də deputatın ailə üzvlərinin qeydiyyatda olduğu bildirilir.
Kamaləddin Qafarov deputat olmamışdan əvvəl MOM direktor müavini vəzifəsində çalışıb. "Azəri Med" QSC-nin MOM-un keçirdiyi tenderlərin dəyişməz qalibi olması da bununla əlaqələndirilir.