Dişlər orqanizmimizdə ən çox diqqət və qulluq tələb edən üzvlərdən biridir. Onlara lazımi qayğı göstərilmədikdə, bu mühüm bədən üzvümüzü vaxtından əvvəl itirmək riski yaranır.
Yurd.Media diş sağlamlığının qorunması ilə bağlı bir sıra faydalı tövsiyələri nəzərinizə çatdırır.
1. Şirniyyat istehlakı dişlərə ən böyük zərər verən amillərdən biridir. Bu qidalardan imtina edə bilmədiyimiz təqdirdə, onları yedikdən dərhal sonra dişləri mütləq fırçalamaq lazımdır.
2. Süd, pendir, qatıq və digər kalsiumla zəngin məhsullar mütəmadi olaraq qida rasionuna daxil edilməlidir.
3. Şəkərsiz saqqız çeynəmək dişləri qida qalıqlarının mənfi təsirindən müəyyən dərəcədə müdafiə edir. Səbəbi isə onun tərkibindəki ksilitol adlı maddədir ki, bu maddə ağız boşluğundakı zərərli bakteriyaları məhv etməyə kömək edir.
4. Diş fırçalarınızın gigiyenasına fikir verin və hər 2 aydan bir yenisi ilə əvəz edin.
5. Gün ərzində minimum 2 dəfə dişlərinizi fırçalayın.
6. İl ərzində ən azı 2 dəfə diş həkiminə müraciət edin. Belə ki, bəzən özünüzün fərqinə vara bilmədiyiniz problemlər müalicə olunmazsa, gələcəkdə ciddi fəsadlara gətirib çıxara bilər.
7. Dişlərin möhkəmliyini təmin etmək üçün yalnız kalsium tərkibli qidalar yetərli deyil. Eyni zamanda vitaminlərlə zəngin qidalar da qəbul etmək vacibdir.
8. Hər dəfə yemək yedikdən sonra ağız boşluğunuzu yaxalayın.