Gözlərdə narahatedici hisslər, onların formasının dəyişməsi və qəfil görmə qabiliyyətinin zəifləməsi orqanizmdə gedən patoloji proseslərin göstəricisi ola bilər.
Yurd.Media xəbər verir ki, həkimlər bu 5 vacib əlaməti nəzərinizə çatdırır:
1. Gözlərdə batma və yanğı hissi
Amerikalı təbib Amir Xan bildirir ki, gözlərdə batma və ya yanğı hissi qalxanabənzər vəzinin funksional pozulması ilə bağlı ola bilər. Xarakterik əlamətlərdən biri olan ekzoftalm (göz almalarının irəli çıxması) əksər hallarda Qreyvs xəstəliyi zamanı özünü büruzə verir. Bu halda:
yumşaq toxumalarda şişkinlik yaranır,
göz əzələlərində iltihab prosesi baş verir,
göz yuvasında təzyiqin artması müşahidə olunur.
2. Göz qapağının sallanması
Bir göz qapağının ani olaraq sallanması (ptoz) sinir sistemi pozuntularının, hətta insultun ilkin əlaməti hesab edilə bilər. Əgər bu vəziyyətə nitq pozğunluğu və əzələlərdə gücsüzlük də qoşulursa, təcili tibbi yardıma müraciət zəruridir.
3. Görmənin bulanıqlaşması
Görmə qabiliyyətinin ani şəkildə pisləşməsi, xüsusilə şiddətli susuzluq və halsızlıq ilə müşayiət edilirsə, bu, qandakı şəkər səviyyəsinin yüksəlməsinə və şəkərli diabetin formalaşmasına işarə edə bilər. Diabet gözdəki kiçik damarları zədələyir, buna görə də bu cür simptomlar zamanı göz həkimi müayinəsindən keçmək məsləhət görülür.
4. Bəbək ətrafında sarımtıl halqa
Qüzehli qişanın ətrafında sarımtıl halqanın əmələ gəlməsi qanda xolesterin səviyyəsinin yüksəkliyinə, eləcə də qaraciyər və öd axarları ilə bağlı problemlərə dəlalət edə bilər. Gözlərin saralması hepatit, qaraciyər sirrozu və ya hemolitik anemiya ilə də əlaqələndirilə bilər.
5. Göz qapağının daxili səthininin solğunluğu
Alt göz qapağının iç hissəsi normal çəhrayı rəng əvəzinə solğun görünürsə, bu, hemoqlobin göstəricisinin aşağı olduğuna və anemiya vəziyyətinə dəlalət edə bilər. Belə hal toxumaların qanla qidalanmasını və orqanlara oksigen çatdırılmasını zəiflədir.
Bu əlamətlərdən hər hansı birini müşahidə etdikdə, gecikmədən mütəxəssisə müraciət etmək sağlamlığın qorunması baxımından son dərəcə vacibdir.