Dünya miqyasında hər il təqribən 1,5 milyon qadına ginekoloji xərçəng diaqnozu təsdiqlənir. Hər il dünyada 680 min qadın ginekoloji xərçəng xəstəlikləri nəticəsində vəfat edir.
Yurd.Media xəbər verir ki, dünyada qadınlara aid xərçəng xəstəlikləri sırasında dördüncü yeri tutan uşaqlıq boynu xərçənginin başlıca risk amili HPV (Human Papilloma Virus) infeksiyasıdır. Bu virus uşaqlıq boynu hüceyrələrində mutasiyalara yol açaraq xərçəng xəstəliyinin inkişafına gətirib çıxarır.
Risk amillərinə tütün istifadəsi, erkən yaşda cinsi həyata başlamaq, çoxsaylı cinsi tərəfdaşlar, erkən dövrdə hamiləlik, çoxsaylı doğuşlar, zəifləmiş immun sistemi, kortizon terapiyası və genetik meyillilik daxildir. İlkin əlamətlər arasında aralıq qanamalar, həmçinin cinsi əlaqə əsnasında və ya sonrasında baş verən qanamalar qeyd olunur.
Uşaqlıq boynu xərçəngi HPV peyvəndi və mütəmadi skrininq vasitəsilə qarşısı alına bilən xərçəng növlərindən biridir. HPV peyvəndi bu xərçəng xəstəliyindən qorunmaqda ən effektiv metoddur və 11-12 yaş aralığında tətbiqi məsləhət görülür. 13-26 yaş arasında olan qadınlar da peyvənddən faydalana bilər, müəyyən hallarda isə 26-45 yaş aralığında da vurulması mümkündür.
PAP Smear müayinəsi 21 yaşından başlayaraq 65 yaşadək hər 3 ildə bir həyata keçirilməlidir. 30 yaşdan sonra HPV testi ilə birlikdə əsas skrininq proseduru tövsiyə edilir. Nəticələr normal olduğu təqdirdə növbəti müayinə 5 il sonra aparılır. Risk qrupuna daxil olan hallarda müayinələr arası fasilə daha qısa müddətdə təyin oluna bilər.
Uşaqlıq xərçəngi hər il təxminən 7800 qadında aşkar edilir. Menopoza dövründə bu xəstəliyə daha tez-tez təsadüf olunur. Əsas risk amilləri estrogen hormonuna uzun müddət məruz qalma, piylənmə, hormonal terapiyalar və yumurtalıqlarda hormon istehsal edən törəmələrdir. Əlavə amillər sırasında erkən menstruasiya başlanğıcı, gecikmiş menopoz, heç doğum etməmək və digər hormonal təsirlər yer alır.
Anormal vajinal qanamalar uşaqlıq xərçənginin ən əhəmiyyətli əlamətidir. Hər ay normal menstruasiyadan kənar qanamalar və ya menopoz dövründə qanamalar müşahidə olunarsa, dərhal həkimə müraciət etmək lazımdır. Erkən mərhələdə aşkarlanan xərçəngdə sağalma ehtimalı 95%-dən yüksək olur.
Dünyada üçüncü ən geniş yayılmış ginekoloji xərçəng növü hesab olunan yumurtalıq xərçənginin risk amilləri arasında ailədə xərçəng tarixi, heç doğum etməmək, erkən menstruasiya, gecikmiş menopoz, menopoz zamanı hormonal preparatların istifadəsi və müəyyən xəstəliklər sayıla bilər.
Erkən dövrdə müalicənin müvəffəqiyyət ehtimalı 90%-i keçir. Standart müalicə protokolu uşaqlığın, yumurtalıqların və omentum adlanan yağlı toxuma qatının xaric edilməsi, eləcə də limfa düyünlərinin götürülməsini özündə birləşdirir. Ehtiyac yarandıqda əlavə olaraq kimyaterapiya və ya hədəfli dərman preparatları tətbiq olunur. Yumurtalıq xərçəngi üçün hal-hazırda qəbul olunmuş ümumi skrininq proqramı mövcud deyil, lakin mütəmadi ginekoloji müayinələr xəstəliyin erkən mərhələdə müəyyənləşdirilməsinə imkan yaradır.
Mütəxəssislər bildirirlər ki, bütün qadınlar 21 yaşından etibarən müntəzəm ginekoloji yoxlamalar və PAP Smear testindən keçməli, HPV peyvəndini vaxtında aldırmalıdır. Bu, həyatı qurtara biləcək ən mühüm addımdır.