Bərdədə idman zalında müştərilərə mənşəyi bilinməyən bioloji aktiv qida məhsullarının satıldığı müəyyən olunub.
Azərbayca Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, Bərdə rayonunda “SkyFit” idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bildirilib ki, idman zalı Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən Atakişiyev Məhər Mehdiqulu oğluna məxsus olub.
"Baxış zamanı idxal sağlamlıq aktı və müşayiətedici sənədləri olmayan bioloji aktiv qida məhsulları aşkarlanaraq satışdan kənarlaşdırılıb və məhdudlaşdırcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. Məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub.
Agentlik sahibkarlara müraciət edərək bildirir ki, idman qidaları və bioloji aktiv qida məhsullarının istehsalı, idxalı və satışı mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Xüsusilə sosial şəbəkələr üzərindən qeydiyyatsız və qanunsuz formada bu məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektləri öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmalıdırlar.
AQTA istehlakçıları bu məhsulları əldə edərkən, satıcının rəsmi qeydiyyatının mövcudluğunu, məhsulların idxal sağlamlıq aktına malik olmasını, eləcə də BAQM-ların dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırış edir. İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır", - məlumatda qeyd olunub.
