Cənubi Koreyada yerləşən Çung-Ang Universitetinin mütəxəssisləri yaşlanma mexanizmlərinin dərk edilməsi və yaşla bağlı xəstəliklərə qarşı mübarizə yollarının təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli nailiyyət əldə ediblər. Tədqiqatçılar yaşlanma prosesinə qarşı təsir göstərən "IU1" adlı yeni dərman preparatı yaradıblar.
Yurd.Media xəbər verir ki, elm adamlarının araşdırmasının nəticələri "Autophagy" elmi jurnalında nəşr olunub.
Məlumata görə, yaşlanmanın başlıca amillərindən biri hüceyrələrdə zülalların keyfiyyətinə nəzarət edən sistemlərin fəaliyyətinin pozulmasıdır; bu proses isə zədələnmiş zülalların yığılmasına və hüceyrələrdə stresin yaranmasına gətirib çıxarır. Məhz bu anomal zülallar "Altsheymer" və "Parkinson" xəstəliyi də daxil olmaqla, bir sıra yaşla bağlı xəstəliklərin meydana gəlməsinə yol açır.
Tədqiqatçılar müəyyən ediblər ki, "IU1" preparatı hüceyrədə zülalların keyfiyyətinə nəzarətin iki fundamental mexanizmini - proteasomları və autofagiyanı daha səmərəli işləməyə stimullaşdırır.
Qeyd olunmalıdır ki, proteasom - artıq lazım olmayan və ya zədələnmiş zülalları parçalayan çoxkomponentli zülal kompleksidir, autofagiya prosesində isə lizosomlar hüceyrələrin funksiyasını itirmiş elementlərini emal edir.
Həşəratlar üzərində aparılmış sınaqlar nümayiş etdirib ki, "IU1"in istifadəsi əzələ funksiyalarının nəzərəçarpacaq dərəcədə təkmilləşməsinə və ömrün uzanmasına gətirib çıxarır. Bənzər müsbət nəticələr insan hüceyrələri ilə həyata keçirilən tədqiqatlarda da müşahidə edilib.
Bildirilib ki, araşdırmanın nəticələri müxtəlif yaşla bağlı xəstəliklərin müalicə metodlarının hazırlanması baxımından böyük əhəmiyyət kəsb edə bilər.