Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində yolun hərəkət hissəsində əyilərək təhlükə yaradan abidə yığışdırılıb.
Yurd.Media ötən gün dərc etdiyi xəbərdən sonra şəhərin 28 May küçəsində, dairəvi hərəkətin təşkil olunduğu ərazidə yerləşən konstruksiya sökülüb.
Qeyd edək ki, görüntülərdə konstruksiyanın əvvəlki vəziyyətindən əyildiyi, üzərində yerləşən Gəncə şəhərinə aid elementlərin isə sındığı görünürdü.
Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, dekorativ konstruksiyaya aidiyyəti qurumların iştirakı ilə qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib: “Baxış zamanı qutu profildən hazırlanmış yüngül konstruksiyalı dekorativ qurğunun deformasiyaya uğradığı müəyyən olunub.
Bununla bağlı aidiyyəti qurumlar tərəfindən ən qısa müddətdə konstruksiya demontaj olunaraq müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi təmin olunub”.
