“Elit-S” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə vergi borcu kəskin artıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu bu ayın əvvəlindən bəri 185 min manat artaraq 866 min manata çatıb.
Qeyd edək ki, 9 iyun 2004-cü ildə dövlət qeydiyyatına alınan “Elit-S” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin direktoru Elmidar Əliyevdir. Hüquqi ünvanı Füzuli rayonunda yerləşir.
Şirkət 2024-cü ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin keçirdiyi tenderin qalibi seçilib.
Yuxarı Şirvan suvarma kanalının yenidən qurulmasının IV mərhələsini əhatə edən satınalmanın dəyəri 119 milyon manat olub.
“Elit-S” MMC daha əvvəl də meliorasiya və su təsərrüfatı sahəsində dövlət sifarişləri alıb. 2023-cü ildə müxtəlif suvarma sistemlərinin təmiri və təmizlənməsi ilə bağlı ümumi dəyəri təxminən 2 milyon manat olan müqavilələr bağladığı bildirilib.
Şirkət 2019-cu ildə dağ-mədən işləri və qazma fəaliyyəti üzrə lisenziya da alıb. Lisenziyada Quba rayonundakı Qudyalçay qum-çınqıl yatağı göstərilib.