Bugün Azərbaycanda fotoqraflar üçün özəl gündür.
Yurd.Media xəbər verir ki, Azərbaycan Fotoqrafları Birliyinin (AFB) dövlət qeydiyyatına alınmasının 28-ci ildönümüdür.
Azərbaycan Fotoqrafları İctimai Birliyi 1998-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1073 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınıb.
Birliyin yaranması zərurəti 1990-cı illərin əvvəllərində, SSRİ-nin süqutundan sonra meydana çıxıb. Həmin dövrdə bir sıra mövcud strukturların fəaliyyətini dayandırması fotoqrafiya sənətinin nümayəndələrini vahid təşkilat ətrafında birləşdirmək təşəbbüsünü aktuallaşdırıb. Əsas məqsəd peşəkar və həvəskar fotoqrafları bir araya gətirmək, milli fotoqrafiya sənətinin inkişafına və təbliğinə töhfə vermək olub.
Təşkilatlanma prosesində 1995-ci ilin noyabrında Fransanın Nant şəhərində keçirilən “Azərbaycan fotoqrafları” sərgisi mühüm rol oynayıb. Sərgidə 24 fotoqrafın 105 əsəri nümayiş etdirilib. Ekspozisiyaya göstərilən maraq Azərbaycan fotoqraflarının yaradıcılığına diqqəti artırıb və onların təşkilatlanması istiqamətində təşəbbüslərə təkan verib.
Sərgidən sonra üç il ərzində təşkilatın yaradılması ilə bağlı müzakirələr aparılıb, nizamnamə hazırlanıb, müxtəlif maneələrin aradan qaldırılması istiqamətində işlər görülüb və təşəbbüs qrupu formalaşdırılıb. Birlik 1994-cü ildən faktiki fəaliyyət göstərsə də, 1998-ci ilədək hüquqi statusa malik olmayıb. Dövlət qeydiyyatından sonra isə rəsmi fəaliyyətini hüquqi əsaslarla davam etdirib.
Azərbaycan Fotoqrafları Birliyi ictimai, yaradıcılıq və qeyri-kommersiya təşkilatı kimi açıq cəmiyyət, könüllülük və özünüidarə prinsipləri əsasında fəaliyyət göstərir. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasını və öz nizamnaməsini rəhbər tutur.
Birliyin əsas məqsədləri milli foto sənətini inkişaf etdirmək, onun ölkə daxilində və beynəlxalq səviyyədə nailiyyətlərini təbliğ etmək, fotoqrafiya irsini qorumaq və ondan yaradıcılıqla bəhrələnməkdir. Bu istiqamətdə sərgilər, müsabiqələr, festivallar, ustad dərsləri, yaradıcılıq seminarları, konfranslar və simpoziumlar təşkil olunur. Həmçinin həvəskar fotoqrafların fəaliyyətinə dəstək göstərilir.
Qeyd edək ki, Azərbaycan Fotoqrafları Birliyinin 1998-ci ildəki qanuni təsisçiləri Rəfail Qəmbərov, Asim Talıb, Namiq Məmmədov və Mirnaib Həsənoğlu olub. Hazırda qanuni təsisçiləri Rəfail Qəmbərov və Mirnaib Həsənoğludur.
AFB-nin İdarə Heyətində isə Arif Ələkbər, Vüqar İbadov, Aydın Mehdiyev, Şakir Eminbəyli, Ayxan Əhmədov və Sücəddin Hüseynov kimi peşəkarlar təmsil olunurlar. İdarə Heyətinin sədri isə peşəkar fotoqraf Amira Süleymandır.
Xatırladaq ki, cari ildə eyni zamanda Azərbaycan fotoqrafiyasının 165 ili tamam olub.
