Borc öhdəliyini yerinə yetirməyən Sənan Abdullayevin iki avtomobilinə həbs qoyulub.
Yurd Media-nın əldə etdiyi məlumata görə, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin təqdimatı əsasında borcluya məxsus “Range Rover Sport” markalı, -MK-* və “Hyundai EX 8” markalı, -KY-* dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulub.
İş materiallarından məlum olur ki, Sənan Abdullayevlə “Avrora” MMC arasında yaranmış borc mübahisəsi tərəflərin barışıq sazişi imzalaması ilə həll edilib. Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiqlənən sazişə əsasən, borcun 21,3 min manat olduğu qəbul edilib. Razılaşmaya görə, borcun 11 min manatlıq hissəsi 2025-ci ildə, qalan 10,3 min manat isə 2026-cı ildə aylıq 2070 manat olmaqla ödənilməli idi.
Lakin borclu “Avrora Group” qarşısında üzərinə götürdüyü öhdəliyi könüllü icra etməyib. Bundan sonra icra məmuru Əlihüseyn Aslanov borcun tutulmasını təmin etmək məqsədilə Sənan Abdullayevə məxsus avtomobillərə həbs qoyulması barədə məhkəməyə təqdimat verib.
Məhkəmə təqdimatı əsaslı hesab edərək təmin edib və hər iki avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edib.