Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan “Vesta Construction” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) məhkəməyə verilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nizami Rayon Məhkəməsinə müraciət edən vətəndaş “Vesta Construction” MMC-yə qarşı müqavilədə nəzərdə tutulan qarajın təhvil verilməsi və dəymiş maddi ziyanın ödənilməsini tələb edib.
Belə ki, həmin şəxs 2016-cı ildə “Vesta Construction” MMC ilə bağlanan müqavilədə nəzərdə tutulan qarajın ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Həmin müqaviləyə əsasən o Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş 8 oktyabr 2003-cü il tarixli, 30/2223 qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 34 nömrəli evin 3-cü mənzili MMC-yə təhvil verməli, MMC isə həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində tam təmirli 89,3 kvadrat metr ümumi sahəsi olan mənzil, həmin binanın zirzəmisində yerləşən qaraj sahəsində 1 avtomaşın saxlamaq üçün dayanacaq yeri verməyi öhdəsinə götürüb.
MMC vaxtında olmasa da, mənzili onun ixtiyarına verib. Lakin vaxt keçməsinə baxmayaraq qarajı onun istifadəsinə verməkdən imtina edib.
Məhkəmə iddia tələbini təmin edib.
Xatırladaq ki, “Vesta Construction” MMC-nin "MY HOME” layihəsi üzrə Nizami rayonu, Şirin Mirzəyev küçəsində tikilən bina ilə bağlı uzun illər etirazlar davam edib, bina vaxtında təhvil verilmirdi.