SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Bakıda ictimai tualet problemi: 5-7 min sanitar qovşağa ehtiyac var

Bakıda ictimai tualet problemi: 5-7 min sanitar qovşağa ehtiyac var

Bakı

Bakıda yeni yaşayış massivləri salınır, genişmiqyaslı tikinti işləri aparılır, turistlərin və şəhər sakinlərinin hərəkət intensivliyi artır. Lakin insanların ən zəruri gündəlik ehtiyaclarından biri olan ictimai tualet məsələsi hələ də tam həllini tapmayıb. 19 noyabr – Ümumdünya Tualet Günü münasibətilə mövzuya diqqət ayırdıq.

Ekoloji mövzularda araşdırmaları ilə tanınan jurnalist İsmayıl Rafiqoğlu Bakıda ən azı 5-7 min ictimai tualetin inşasına ehtiyac olduğunu düşünür.

İsmayıl Rafiqoğlu Yurd.Media-ya bildirib ki, ictimai tualetlərin çatışmazlığı xüsusilə şəhərin mərkəzi küçələrində, park və istirahət zonalarında, nəqliyyat qovşaqlarında, turizm məkanlarında özünü daha qabarıq göstərir.

Bu problem yalnız şəhər sakinlərini deyil, paytaxta gələn turistləri, yaşlı insanları, uşaqlı ailələri və səhhətinə görə sanitar qovşaqlardan daha tez-tez istifadə etməli olan şəxsləri də əhatə edir.

Əslində, ictimai tualetlərin mövcudluğu şəhərin sanitar-gigiyenik vəziyyətinin, turizm infrastrukturunun və əhalinin gündəlik həyat keyfiyyətinin mühüm göstəricilərindən biridir. Müasir şəhərsalma yanaşmasında bu obyektlər əlavə xidmət deyil, zəruri infrastruktur elementi hesab olunur.

İsmayıl Rafiqoğluİsmayıl Rafiqoğlu

İctimai tualetlərin azlığının səbəbi nədir?

İsmayıl Rafiqoğlu bildirib ki, peşəkar fəaliyyəti ərzində ictimai tualet problemi ilə bağlı çoxsaylı yazılar, araşdırmalar və açıqlamalar hazırlayıb. Onun sözlərinə görə, bu mövzu Azərbaycanda uzun müddət diqqətdən kənarda qalıb, hətta mətbuatda da müəyyən mənada müzakirə olunması arzuolunmaz məsələ kimi qarşılanıb.

Rafiqoğlu hesab edir ki, Bakıda ictimai tualetlərin azlığının əsas səbəblərindən biri bu sahədə məsuliyyətin konkret qurumlar arasında bölüşdürülməməsidir.

“Bir jurnalist kimi ayaqyolu mövzusunu həmişə diqqətdə saxlamağa çalışmışam. Bu istiqamətdə yazılarım, araşdırmalarım və açıqlamalarım olub. Mətbuatda isə mövzu bir növ tabu sayılır. Nəsə məsələyə soyuq yanaşma var. Kimsə irəli düşüb mövzunu qabartmaq istəmir, heç iş adamları da mövcud boşluğu aradan qaldırmaq istəmirlər. Ayaqyolundan pul qazanmaq bir növ ayıb sayılır”, – deyə jurnalist bildirib.

Ekspertin fikrincə, ictimai tualetlərin quraşdırılması və idarə olunması ilə bağlı məsuliyyət bölgüsü dəqiq müəyyənləşdirilməlidir.

“Ayaqyolularının yetərli sayda olmamasının əsas səbəbi bu işlə kimin məşğul olacağının bilinməməsidir. Ayaqyolunu kim quraşdırmalıdır? Hansısa nazirliyin və ya icra strukturunun belə bir səlahiyyəti varmı? Elə də aydın deyil”.

İsmayıl Rafiqoğlu qeyd edib ki, Bakıda yeni yaşayış massivləri və tikinti obyektləri istifadəyə verilsə də, həmin ərazilərdə ictimai sanitar qovşaqların yaradılması məsələsinə lazımi diqqət ayrılmır. Onun qənaətinə görə, problemin həlli üçün qanunvericilik səviyyəsində də dəyişikliklərə ehtiyac var.

Avropa şəhərlərində ictimai tualetlər necə təşkil olunur?

Dünyanın bir sıra böyük şəhərlərində ictimai tualetlər şəhər infrastrukturunun ayrılmaz hissəsi kimi fəaliyyət göstərir. Bu sahədə bələdiyyə xidmətləri, avtomatlaşdırılmış sanitar qovşaqlar və özəl müəssisələrlə əməkdaşlıq modellərindən istifadə olunur.

Məsələn, Fransanın paytaxtı Parisdə 400-dən çox avtomatlaşdırılmış ictimai tualet fəaliyyət göstərir. Şəhər rəhbərliyi bu obyektlərin yenilənməsinə və daha ekoloji texnologiyalarla təchiz olunmasına da diqqət ayırır. Parisdə ictimai tualetlər 2006-cı ildən ödənişsizdir. Yeni modellərdə su və elektrik sərfiyyatının azaldılması, əlçatanlığın artırılması və istifadəçilər arasında təmizliyin təmin edilməsi əsas meyarlardandır.

Avstriyanın paytaxtı Vyanada isə şəhər bələdiyyəsi 160-dan çox ictimai tualetə xidmət göstərir. Onların böyük əksəriyyəti ödənişsizdir. Bundan başqa, şəhərdə parklar, nəqliyyat stansiyaları, muzeylər və digər ictimai məkanlarda da sanitar qovşaqlardan istifadə imkanları yaradılıb.

Böyük Britaniyanın London şəhərində fərqli yanaşma tətbiq olunur. “Community Toilet Scheme” proqramı çərçivəsində mağaza, restoran və digər müəssisələr öz tualetlərini ictimaiyyətin istifadəsinə açır. Proqrama qoşulan obyektlər xüsusi nişanlarla tanıdılır. Beləliklə, sakinlər və turistlər həmin müəssisələrdə alış-veriş etmədən də sanitar qovşaqlardan istifadə edə bilirlər.

Bu nümunələr göstərir ki, ictimai tualet probleminin həlli yalnız dövlət büdcəsi hesabına yeni obyektlərin tikilməsi ilə məhdudlaşmır. Bələdiyyələr və sahibkarlar arasında əməkdaşlıq da alternativ mexanizm kimi istifadə oluna bilər.

Bakıda hansı həll yolları təklif olunur?

İsmayıl Rafiqoğlu hesab edir ki, Azərbaycanda həm yeni ictimai tualetlər inşa edilməli, həm də mövcud obyektlərin bu məqsədlə istifadəsi genişləndirilməlidir.

Onun fikrincə, iri marketlərdə, yeni salınan yaşayış massivlərində və insanların sıx toplaşdığı məkanlarda əhali üçün əlçatan sanitar qovşaqların yaradılması məcburi tələb kimi müəyyənləşdirilməlidir.

Jurnalist kafe və restoranların da bu prosesə cəlb edilməsini təklif edir. Onun sözlərinə görə, xarici ölkələrdə bəzi müəssisələr xüsusi nişan vasitəsilə tualetlərinin ictimaiyyət üçün açıq olduğunu bildirir və bu təşəbbüsə görə müəyyən vergi güzəştlərindən yararlana bilirlər.

“Həm yeniləri inşa edilməli, həm də mövcud obyektlərdə yenidənqurma işləri aparılmalıdır. Kafe, restoranlar insanların üzünə açıq olmalıdır. Xaricdə xüsusi işarə yerləşdirib obyektdəki ayaqyolunun insanlara açıq olduğunu ifadə edə bilərsən. Belə müəssisənin sahibi verginin bir hissəsindən azad olunur. Bunu ölkə miqyasında tətbiq etməliyik”, – deyə ekspert vurğulayıb.

Rafiqoğlu problemin yalnız küçə və parklardakı sanitar qovşaqlarla məhdudlaşmadığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, bəzi biznes mərkəzlərində və ofislərdə də sanitar qovşaqların sayı işçilərin sayına uyğun deyil.

Ekspert hesab edir ki, yeni tikiləcək obyektlərin layihələndirilməsi zamanı sanitar qovşaqların sayı əvvəlcədən müəyyənləşdirilməli, mövcud binalarda isə infrastrukturun yenilənməsi məsələsi nəzərdən keçirilməlidir.

Bakıda 5-7 min ictimai tualetə ehtiyac olduğu bildirilir

İsmayıl Rafiqoğlunun fikrincə, ictimai tualetlərin yerləşdirilməsi zamanı əhalinin sayı, insanların hərəkət intensivliyi və ərazinin funksional təyinatı nəzərə alınmalıdır.

O bildirib ki, sanitar qovşaqlar yalnız şəhərin mərkəzi hissəsində deyil, bütün rayonlarda, park və meydanlarda, nəqliyyat qovşaqlarında, turizm məkanlarında və digər ictimai ərazilərdə yaradılmalıdır.

Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə hər min nəfərə bir ictimai tualet nəzərdə tutulması yanaşması mövcuddur. Bu yanaşmanı əsas götürən Rafiqoğlu Bakıda ən azı 5-7 min ictimai tualetin inşasına ehtiyac olduğunu hesab edir.

“Düşünürəm, ictimai ayaqyoluları hər yerdə olmalıdır. Əgər məsələni yalnız dövlət qurumlarının üzərinə atsaq, problem həllini çətin tapa bilər. Hər rayonun icra hakimiyyəti, bələdiyyəsi bu işlərlə məşğul olmalıdır. Kifayət qədər vəsait yoxdursa, deməli, ayaqyolu inşasını biznesə də ötürmək olar. Həm havayı, həm də pullu tualetlər olmalıdır. Say çoxalsa, qiymət də tənzimlənər”, – deyə o bildirib.

Jurnalist qeyd edib ki, hazırda Bakıda bəzi ictimai tualetlərdən istifadə üçün 50 qəpik, müəyyən ərazilərdə isə daha yüksək məbləğ ödənilir. Bununla belə, ödənişli sanitar qovşaqların da şəhərin bütün ərazilərində əlçatan olmadığını vurğulayıb.

Rafiqoğlu hesab edir ki, Milli Məclis bu sahədə müvafiq qanunvericilik dəyişiklikləri etməli, ictimai tualetlərin tikintisi, saxlanılması və fəaliyyətinə nəzarət edəcək qurumlar dəqiq müəyyənləşdirilməlidir.

19 noyabr – Ümumdünya Tualet Günü: Bu tarix nə üçün qeyd olunur?

Qeyd edək ki, hər il noyabrın 19-u Ümumdünya Tualet Günü kimi qeyd edilir. Bu gün 2001-ci ildə Ümumdünya Tualet Təşkilatının təşəbbüsü ilə təsis edilib, 2013-cü ildə isə BMT Baş Assambleyası tərəfindən rəsmi beynəlxalq gün kimi tanınıb.

Günün əsas məqsədi dünyada təhlükəsiz və gigiyenik sanitar xidmətlərə çıxış probleminə diqqət çəkmək, sanitariya şəraitinin insan sağlamlığı, ətraf mühit və sosial rifah üçün əhəmiyyətini ön plana çıxarmaqdır.

BMT-nin məlumatına görə, dünyada təxminən 3,4 milyard insan təhlükəsiz şəkildə idarə olunan sanitariya xidmətlərindən məhrumdur. 2026-cı il Ümumdünya Tualet Gününün mövzusu isə “Sanitariya və gender bərabərliyi”dir. “Təhlükəsiz tualetlər, bərabər gələcək” şüarı ilə keçirilən kampaniya qadınların və qızların təhlükəsiz sanitar qovşaqlara, suya və gigiyena vasitələrinə çıxışının vacibliyini vurğulayır.

BMT ictimai məkanlarda, bazarlarda və nəqliyyat qovşaqlarında təhlükəsiz tualetlərin mövcudluğunu qadınların və qızların sərbəst hərəkəti, təhsildə və ictimai həyatda iştirakı baxımından da mühüm hesab edir.

Nəticə etibarilə, ictimai tualet məsələsi sadəcə məişət problemi deyil, şəhərsalma, ictimai sağlamlıq, turizm və sosial bərabərlik məsələsidir. Bakıda bu sahədə mövcud çatışmazlığın aradan qaldırılması üçün məsul qurumların müəyyənləşdirilməsi, yeni sanitar qovşaqların tikilməsi və özəl sektorun prosesə cəlb olunması vacibdir. Şəhərin müasir infrastrukturu insanların ən in fundamental ehtiyaclarından birini də nəzərə almalıdır.

Skat.az - Ev və Avtomobil elanları