Dəyişən dünyada milli kimlik və mənəvi dəyərlərin qorunması ilə müasir inkişaf çağırışları arasında tarazlığın yaradılması məsələləri bu dəfə Ağstafada müzakirə olundu.
Yurd.Media-nın bölgə müxbiri xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağstafa rayonunda “Dəyişən dünyada dəyərlər, inanc və kimlik” mövzusunda regional konfrans keçirilib.
Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Ağstafa şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
İlahiyyatçılar, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, “Azərbaycan – sülh və harmoniya məkanı” videoçarxı nümayiş etdirilib.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dini tolerantlığın və multikultural ənənələrin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası cəmiyyətdə milli birlik, vətənpərvərlik və dövlətçilik ruhunun ideoloji əsaslarının təşkil edir. Bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan icra başçısı dini-mənəvi irsin yaşadılması, ibadət ocaqlarının bərpası və müxtəlif dini icmalara dövlət dəstəyinin göstərilməsi yönündə ardıcıl tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq humanitar forumlar və dinlərarası dialoq platformaları vasitəsilə islamofobiya, ksenofobiya və dini ayrı-seçkiliyə qarşı qlobal mübarizəyə önəmli töhfələr verdiyini, ölkədə bütün konfessiyalara qarşılıqlı hörmət və ehtiram mühitinin hökm sürdüyünü ifadə edib. S.Oruxcov qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə mədəni-mənəvi irsimizin mühafizəsi və təbliği üzrə həm ölkə daxilində, həm də xaricdə uğurlu layihələr icra olunur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, dünyada baş verən sürətli dəyişikliklər, qlobal miqyasda güclənən ideoloji təsirlər və informasiya mühitinin transformasiyası milli kimlik, mənəvi dəyərlər və inanc məsələlərini daha da aktuallaşdırır. İndi hər bir xalq üçün başlıca vəzifə tarixi köklərinə bağlılığını qorumaqla yanaşı, dövrün çağırışlarına uyğun inkişaf yolunu müəyyənləşdirməkdir. Komitə sədri vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin, dövlətçilik düşüncəsinin və mənəvi bütövlüyünün formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycançılıq məfkurəsi müstəsna yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu ideoloji xətt müasir dövrün tələblərinə uyğun şəkildə yeni məzmun və istiqamətlərlə zənginləşdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr milli-mədəni irsimizin qorunmasına və beynəlxalq miqyasda təbliğinə mühüm töhfələr verir.
Çıxışda Azərbaycan bayrağının üç rənginin milli mənsubiyyətimizi, müasir inkişaf iradəmizi və dini-mənəvi köklərimizi vahid dövlətçilik fəlsəfəsində birləşdirdiyi vurğulanıb. Türk dünyası ilə əməkdaşlığın genişləndirilməsindən danışan Komitə sədri 2026-cı il iyunun 30-da Şuşada TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün keçirildiyini və imzalanmış Kommünikenin bu sahədə yeni mərhələnin əsasını qoyduğunu diqqətə çatdırıb. Həmçinin, xaricdə yaşayan soydaşlarımızla mənəvi bağların möhkəmləndirilməsi məqsədilə Türkiyə və Gürcüstanda təşkil olunan iftar mərasimləri, eləcə də xarici ölkələrdən olan din xadimlərinin işğaldan azad edilmiş ərazilərə səfərləri barədə məlumat verib.
Ramin Məmmədov Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələrdən bəhs edərək Bakı Prosesi, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi beynəlxalq tədbirlərin ölkəmizin multikultural təcrübəsinin tanıdılmasındakı roluna toxunub. Komitə sədri müsəlman ölkələri ilə əlaqələrin genişləndirilməsi, din xadimlərinin peşəkar potensialının artırılması və “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində yüzlərlə məscidin kitablarla təmin edildiyini bildirib. İşğaldan azad edilmiş ərazilərdə Heydər Əliyev Fondu tərəfindən tarixi-dini abidələrin bərpa olunduğunu qeyd edib. Azərbaycan Prezidentinin sərəncamlarına uyğun olaraq Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında, Əmircan qəsəbəsindəki İmam məscidində və Gəncə şəhərindəki Cümə məscidində təmir-bərpa işləri həyata keçirildiyini diqqətə çatdırıb.
Tədbir işini “Fərdi və kollektiv kimliyi formalaşdıran amillər”, eləcə də “Gənclərlə mənəvi dialoq: müasir yanaşmalar və effektiv ünsiyyət” mövzuları üzrə panel müzakirələrlə davam etdirir.