SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Yurd.Media xəbər portalı 1 yaşını qeyd edir

Yurd.Media xəbər portalı 1 yaşını qeyd edir

Bu gün Yurd.Media xəbər portalının 1 yaşı tamam olur.

Yurd.Media Azərbaycanın bölgələrinin həyatının işıqlandırılması üzrə ixtisaslaşmış xəbər, multimedia, araşdırma portalı kimi 7 aprel 2025-ci il tarixində fəaliyyətə başlayıb.

Başladığı ilk gündən portal Azərbaycanın sosial-iqtisadi həyatı ilə bağlı özəl xəbərlərin istehsalına xüsusi diqqət ayırıb. Bir çox araşdırmaların, o cümlədən bank, sığorta, investisiya şirkətləri, əmlak bazarı, marketlərdə məhsul qiymətləri, həmçinin bölgələrdə kənd təsərrüfatı, səhiyyə və digər sahələrin göstəricilərinin foto və video infoqrafikalar formasında təqdimatı böyük oxucu marağına səbəb olub.

Saytda günümüzün vacib mövzuları ilə bağlı xüsusi süjetlər də yaradılıb ki, burada Böyük Qayıdış, Azərbaycan-Ermənistan sülh gündəliyi, süni intellektin tətbiqi və digər istiqamətlər üzrə bütün vacib məqamları daim yenilənən bir link vasitəsilə oxumaq imkanı yaradılıb.

Ölkə xaricində baş verən hadisələr, əyləncə, şou-maqazin tipli xəbərlərdən imtina etməklə çoxsaylı baxış yığmağın hazırda müşkül olduğuna baxmayaraq Yurd.Media öz dəst-xəttinə sadiq qalaraq geniş oxucu auditoriyası formalaşdırıb. Hazırda sayt gündəlik stabil 5-10 min unikal izləyici sayı ilə yüzlərlə xəbər resursu arasında ilk 50-likdə qərarlaşmağı bacarıb (bunu Azərbaycanın onlayn media resurslarının milli ölçü sistemi olan metrix.az resursundakı sayğac göstəriciləri də təsdiq edir).

Buna nail olmaq üçün əsas səbəb saytda hər gün özəl xəbərlərin üstünlük təşkil etməsidir. Digər tərəfdən dərc olunan xəbərlərin dəqiqliyi redaksiyanın əsaslandığı ən vacib meyardır. Məhz bu iki amil - özəl və dəqiq məlumat axını Yurd.Media-nı ölkə mətbuatı üçün etibarlı istinad mənbəyinə çevirib.

Yurd.Media xəbər portalı 1 yaşını qeyd edir

Həmçinin, video kontentin günü-gündən insanlar arasında daha populyarlaşmasını nəzərə alaraq bölgələrdə mövcud olan problemlər, həllini gözləyən məsələlər, istifadə olunmayan imkanların geniş müzakirəsi üçün “Yurddaş” layihəsinə başlanılıb. Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında hazırlanan verilişlərdə deputatlar, iqtisadçılar, idman mütəxəssisləri və digər qonaqlarla bölgələrin gündəmi müzakirə olunub. "Youtube" və müxtəlif sosial şəbəkələrdə yayımlanan layihə artıq milyondan çox izləyici auditoriyası toplayıb. 

Yurd.Media fəaliyyətində yalnız gündəlik xəbər axınının təmin olunması ilə kifayətlənməyərək, Azərbaycanın bölgələrində fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin, fərdi sahibkarların və ailə təsərrüfatlarının fəaliyyətinin tanıdılmasına da xüsusi önəm verir. Portal bu istiqamətdə yerli iqtisadi aktivliyin görünənliyinin artırılmasını və regionlarda formalaşan real biznes nümunələrinin geniş auditoriyaya çatdırılmasını vacib prioritetlərdən biri kimi müəyyən edib.

Yurd.Media bölgələrdə fəaliyyət göstərən istehsal, xidmət, kənd təsərrüfatı və emal sahələrində çalışan sahibkarların təcrübəsini, uğur hekayələrini və qarşılaşdıqları çətinlikləri işıqlandırmaqla, həm ictimai maarifləndirmə, həm də biznes mühitinin inkişafına töhfə verməyi hədəfləyir.

Yurd.Media xəbər portalı 1 yaşını qeyd edir

Ölkə mətbuatı üçün kadr hazırlığı da saytın işinin əhəmiyyətli bir hissəsini təşkil edir. Belə ki, fəaliyyətə başladığı ilk gündən 14 gəncə media sahəsində ixtisaslaşmaq üçün təlim keçirilib. Hazırda onların böyük əksəriyyəti müxtəlif redaksiyalarda çalışırlar. Bu ilin fevral ayından isə Yurd.Media-nın “Praktik Media Məktəbi”nin 2-ci təlim proqramına başlanılıb. Seçilmiş təlim iştirakçıları tədbirlərin işıqlandırılması, müsahibələrin alınması, reportajların təşkili, araşdırmaların hazırlanması, aktual mövzuların işlənilməsi üzrə praktik bacarıqları mənimsəyirlər.

Milli Mətbuatın 150 illik yubileyi qeyd olunan bir ildə fəaliyyətə başlayan Yurd.Media bu tarixi hadisəyə həsr olunan bir sıra tədbirlərin təşkilatçısı oldu.  22 iyul - Azərbaycanda Milli Mətbuat Günü ərəfəsində İdman Araşdırmalar Mərkəzi ilə birgə Şamaxıda "Milli Mətbuat-150" adlı minifutbol turniri keçirilib. Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışa 32 media nümayəndəsi Azərbaycanda XIX əsrdə dərc olunan ilk nəşrlər - "Əkinçi", "Kəşkül", "Ziya" və "Kaspi" adlı komandalara bölünərək yarışıblar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları