SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Qarabağ müharibəsindən arıçılığa: “Sarı Pətək”in hekayəsi - VİDEO

Qarabağ müharibəsindən arıçılığa: “Sarı Pətək”in hekayəsi - VİDEO

  • 16 dekabr 2025, 10:02
Qax

Bir zamanlar səngərdə vətəni qoruyan Kamran Seydəli bu gün dağların qoynunda arı ailələrinə qulluq edir. O, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibədən sonra kiçik zabit hazırlığı kursunu bitirib və 8 il boyunca cəbhə bölgəsində tağım komandiri və baş çavuş kimi xidmət edib. Tərxis olunduqdan sonra isə həyat yolunu fərqli, amma bir o qədər də zəhmət və səbir tələb edən sahədə davam etdirib – arıçılıqda.

Yurd.Media xəbər verir ki, Kamran üçün arıçılıq yad sahə deyildi. Dədə-baba məşğuliyyəti olan bu sahəyə o da eyni dəyərlə yanaşdı. İlk illərdə cəmi bir neçə pətəklə işə başladı. Lakin klassik üsullarla kifayətlənməyib, arıçılığın elmi əsaslarını öyrəndi, seminarlarda iştirak etdi, təcrübəli arıçılarla çalışdı. Nəticədə təsərrüfatını böyüdərək 170 arı ailəsinə qədər çatdırdı.

2023-cü ildə Kamran öz ətrafında olan 12 təcrübəli arıçı ilə birlikdə birləşərək "Zərqanad" balçılıq kooperativini yaradıb. Bu birlikdə hazırda 1300 arı ailəsi fəaliyyət göstərir.

Onun istehsal etdiyi bala “Sarı Pətək” adı altında rəsmi marka alınıb. Əqli Mülkiyyət Agentliyi tərəfindən tanınan bu marka altında məhsullar artıq bazarda öz yerini tutur.

Kamranın təsərrüfatı Qaxın Turaclı kəndində yerləşir. Lakin məhsuldarlığı artırmaq üçün arılar mövsümə uyğun olaraq aran və dağlıq zonalar arasında ildə 4 dəfə köçürülür.

Balın keyfiyyəti isə xüsusi diqqət tələb edir. Təbii balın su miqdarı 19%-dən aşağı, saxaroza 5%-dən az, diastaza göstəricisi isə 10%-dən yüksək olmalıdır. “Sarı Pətək” təqdim etdiyi 4 növ balda saxaroza cəmi 1,7%, diastaza isə 13,9-29,4% arasında dəyişir. Bu, onun tam təbii və keyfiyyətli olduğunu göstərir.

Hazırda təbii balın bir kiloqramı 30–35 manat arasında dəyişir. Amma Kamran Seydəlinin təsərrüfatı təkcə bal istehsal etmir.

2025-ci il ərzində əldə olunan məhsuldarlıq:

- Bal – 2000 kq 

- Çiçək tozu – 50 kq 

- Propolis – 10 kq 

- Arı mumu – 50 kq 

- Damazlıq məhsuldar ana arı – 200 ədəd

Kamran Seydəli üçün arıçılıq təkcə gəlir mənbəyi deyil. Bu, torpağa bağlılıq, təbiətlə harmoniya və müharibədən sonra qurulan sülh dolu bir həyatın simvoludur.

Prime Leasing
SPE Annual Caspian