26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Şəmkir rayonu ərazisində yerləşən N saylı hərbi hissədə təntənəli tədbir keçirildi.
Yurd.Media-nın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev şəxsi heyəti 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzuladı, Azərbaycan Silahlı Qüvvələrinin bugünkü qüdrətinin Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyasının uğurlu nəticəsi olduğunu bildirdi.
İcra başçısı qeyd etdi ki, 1990-cı illərin əvvəllərində ölkəmiz ağır siyasi və hərbi sınaqlarla üzləşdiyi bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizi xilas etməklə yanaşı, nizami və peşəkar ordunun formalaşdırılması istiqamətində mühüm islahatlara başladı. Məhz həmin dövrdə Azərbaycan Ordusunun inkişafının möhkəm təməli qoyuldu.
Bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından birinə çevrildiyini bildirən Rəşad Tağıyev qeyd etdi ki, ordumuzun yüksək döyüş hazırlığı, müasir silah və texnika ilə təchiz olunması, peşəkarlığı və döyüş ruhu Vətən müharibəsində və sonrakı dövrdə keçirilən uğurlu hərbi əməliyyatlarda öz təsdiqini tapdı: “Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması xalqımızın qəhrəman övladlarının şücaətinin, dövlətimizin güclü siyasətinin və Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin parlaq təcəssümüdür”.
General-mayor Bilal Çompuzov da çıxışında bildirdi ki, 1993-cü ildə Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycan hakimiyyətinə yenidən qayıdışından sonra həyata keçirilmiş digər islahatlarla yanaşı, milli ordu quruculuğu da keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı.
B.Çompuzov qeyd etdi ki, bu gün dövlətimiz tərəfindən ordu quruculuğu kimi geniş, əhatəli bir prosesi şərtləndirən amillərin hər birinə ayrılıqda xüsusi diqqət yetirilir və ordumuz Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir.
Çıxışlarda Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğu, qazilərimizin dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğu xüsusi qeyd edildi.
Daha sonra Azərbaycanda ordu quruculuğu prosesini, Silahlı Qüvvələrimizin qazandığı tarixi Zəfərləri əks etdirən film nümayiş olundu, xidmətdə fərqlənən zabitlərə yeni hərbi rütbələr təqdim edildi.
Sonda şəxsi heyətə Vətənə sədaqətlə xidmət etmələri, dövlətçiliyimizin və xalqımızın təhlükəsizliyinin etibarlı təminatçısı olaraq bundan sonra da şərəflə xidmətlərini davam etdirmələri arzulandı.