SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Qərbin siyasətinin əsl üzü ortaya çıxdı: Bill Qeyts əslində nə demək istəyib?

Qərbin siyasətinin əsl üzü ortaya çıxdı: Bill Qeyts əslində nə demək istəyib?

  • 14 noyabr 2026, 20:47

“Microsoft”un qurucusu Bill Qeyts süni intellektin sosial bərabərsizliyi daha da artırmaması üçün milyarderlərin vergilərinin yüksəldilməsinə çağırıb.

Qeytsin fikrincə, süni intellektin sürətli inkişafı texnologiya şirkətlərinin sahibləri və investorlarının gəlirlərini kəskin artıra, eyni zamanda milyonlarla insanın iş və gəlir imkanlarını azalda bilər. Bu isə cəmiyyətdə sosial bərabərsizliyi daha da dərinləşdirə bilər.

O bildirib ki, sosial bərabərsizliyin aradan qaldırılması dövlətlərin əsas məsuliyyətidir və xeyriyyəçilik sosial müdafiə sistemini əvəz edə bilməz.

Qeyts supervarlı şəxslərlə yanaşı, insan əməyini əvəz edən robotların və süni intellekt sistemlərinin də vergiyə cəlb olunmasını təklif edib. Onun fikrincə, bu yolla iş yerlərini itirən şəxslərin yenidən hazırlanması və sosial müdafiəsi üçün əlavə vəsait toplamaq mümkündür.

Qeyd edək ki, Bill Qeyts sərvətinin, təxminən, 100 milyard dollarını qarşıdakı 20 il ərzində xeyriyyə məqsədləri üçün xərcləməyi planlaşdırır.

Dünya iqtisadiyyatının indiki mürəkkəb mərhələsində səslənən islahat çağırışları və vergi artımı təklifləri heç də humanitar narahatlıqdan deyil, əksinə, kapitalist sisteminin özünüqoruma instinktindən qaynaqlanır. Tarix göstərir ki, elita tərəfindən atılan hər bir qabaqlayıcı addım və ya yumşaldıcı doktrina sistemin köklü şəkildə devrilməsinin qarşısını almaq üçün hesablanmış strateji manevrdir. Karl Marksın əsərlərindən tutmuş Con Meynard Kaynsin dövlət tənzimlənməsi nəzəriyyəsinə qədər bütün iqtisadi təlimlər bazar mexanizminin təkbaşına sabitlik yarada bilmədiyini birmənalı şəkildə sübut etmişdir. Bu səbəbdən qlobal miqyasda resurslar və izafi dəyər uğrunda aparılan mübarizələr, o cümlədən hərbi münaqişələr əslində kapitalın məhdudiyyətlərlə üzləşdiyi zaman əl atdığı ən təhlükəli təzyiq alətləridir. Süni intellektin və texnoloji sürətin bu gərginliyi daha da dərinləşdirdiyi bir dövrdə iqtisadi ədalətsizliklərin tənzimlənməsi bəşəriyyətin gələcək təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. Məhz bu qlobal qeyri-müəyyənliklər fonunda Azərbaycanın seçdiyi praqmatik inkişaf yolu və balanslı siyasi-iqtisadi kursu regionda sabitliyin qorunmasının nə qədər həyati olduğunu əyani şəkildə nümayiş etdirir. Qlobal kataklizmlərin və iqtisadi təlatümlərin girdabında olan dünyanın ölkəmizin təmin etdiyi əmin-amanlıq və sosial tərəqqi düzgün müəyyənləşdirilmiş strategiyanın ən bariz nəticəsidir.

Yurd.Media xəbər verir ki, məsələnin mahiyyəti ilə əlaqədar Milli Məclisin dörd çağırış deputatı (III, IV, V, VI), iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a açıqlama verib:

"Dünyanın ən varlı insanlarından biri olan Bill Qeytsin milyarderlərin vergi sistemini artırmaq və müəyyən qədər bu yolla dünyada maliyyə ədalətsizliyinin qarşısını almaq barədə fikirlər səsləndirməsi ilk dəfə deyil. Dünyanın, bəlkə, o qədər tanınmasa da, maliyyə gücünə görə ən nəhəng - Amerika korporasiyası olan "BlackRock"un rəhbəri Larri Fink 2026-cı ilin yanvarında Davosda çıxışında qeyd etdi ki, bazar iqtisadiyyatının, yəni dünyəvi kapitalizmin inkişafı böyük kataklizmlərə və problemlərə gətirib çıxaracaq, buna görə də bugünkü kapitalist sistemə islahatlar lazımdır.

Bunlar tarixi olaraq birinci və ya sonuncu fikirlər deyil və heç də o məqsədi daşımır ki, dünyanın ən varlı insanları əhalinin qayğısına qalır, yaxud onların maddi problemləri ilə maraqlanırlar. Xeyr, tarix onu göstərib ki, bu və digər buna oxşar çıxışların kökündə inqilabi proseslərin, yəni indiki sistemin tam dəyişdirilməsinin qarşısını almaq dayanır. Bazar iqtisadiyyatı çox praqmatikdir və özünüqoruma instinktinə malikdir.

Öncəliklə onu qeyd etmək istəyirəm ki, 

Karl Marks "Kapital" adlı əsərində nəhəng iqtisadi təhlil nəzəriyyəsində qeyd etmişdi ki, kapitalizmdə, bazar iqtisadiyyatında dəhşətli formada ədalətsiz rəqabət mövcuddur. Amma Karl Marks həm də qeyd edirdi ki, əgər kapital sahibləri sistemlərinə hansısa formada təhlükə riski hiss etsələr, onlar birmənalı olaraq birləşəcək və vahid sinif kimi çıxış edəcəklər. Bu, onların özünüqoruma instinktidir. Onlar birləşib hansısa bir qüvvəni qaldırıb, sistemi alt-üst edə bilərlər”.

Professor daha bir tarixi faktı dilə gətirib:

“1917-ci ildə gedən proseslər dünya elitasını kifayət qədər qorxutdu. Onlar başa düşdülər, klassik siyasi-iqtisadi dildə desək, proletariat, müflis insanlar məcburiyyət qarşısında həmin sistemi devirməyə, onu güclə yox etməyə çalışacaqlar və bunu bacaracaqlar. Ona görə də həmin illərdə birinci bir doktrina yarandı.

Çox gizli və sakit formada dünya elitası öz maliyyə və iqtisadiyyat siyasətini dəyişməyə başladı. Bu siyasətin nəticəsində hətta müəyyən yüksək səviyyəli, professional proletariyata müəyyən qədər imkan və imtiyazlar tanıyırdılar. Onlar cüzi də olsa maddi rifahlarını təmin edə bilsinlər deyə, ümumi iqtisadi və maliyyə siyasətini elə formada aparırdılar ki, dünya bir də inqilab baş verən ölkələrdəki kimi kataklizmlər gözləməsin. Bu, bazar iqtisadiyyatı liderlərinin çox ağıllı, stratejik bir addımı idi və kömək etdi ki, bazar iqtisadiyyatı müəyyən qədər təhlükəsiz formada inkişaf etdirilsin.

Hətta bu böyük nəhəng rəqabət daha çox kapital qazanmaq, kapital üçün yeni bazarlar axtarmaq, sonda İkinci Dünya müharibəsinə gətirib çıxardı. İkinci Dünya müharibəsi qurtarandan sonra artıq sosialist dövləti olan bir neçə Avropa ölkəsi yarandı. Avropada sosializm quruluşuna sahib ölkələrin olması beynalxalq aləmi qorxutdu və onları hərəkətə keçməyə vadar etdi və “inqilabi” fikirlər meydana gəldi.

Bu yeni fikirlərin nəticəsində orta sinfin formalaşması istiqamətində addımlar atılmağa başladı, hətta şirkətlərin müəyyən kiçik səhmləri onlara verildi ki, orta sinif nümayəndələrinin də sistemə marağı olsun, məhsullar istehsal etsin və sonra daha çox qazanc əldə etsinlər ki, onların da payına nəsə düşsün və kapitalsit sistemdən razı qalsınlar. Yadımdadır ki, o vaxt biz Qərbdə yeni yaranmış bir nəzəriyyəni - "xalq kapitalizmi"ni hətta çox kəskin formada müzakirə edirdik. Yəni nəzəriyyənin mənası ondan ibarət idi ki, artıq reallıqda klassik bazar iqtisadiyyatı yoxdur, klassik kapitalizm yoxdur, kapitalizm yeni bir formaya keçib, o da "xalq kapitalizmi"dir. Yəni insanların özünün də bazar iqtisadiyyatının inkişafında, sistemin stabil və təhlükəsiz olmasında marağı və təsiri var. Fikrimcə, bu nəzəriyyə qismən də olsa, düzdür."

Rüfət Quliyev idarəçilik nəzəriyyələrinə də diqqət çəkib və onların əhəmiyyətindən danışıb:

"Burada qeyd etmək lazımdır ki, inqilab vaxtı Trotskinin hələ "permanent inqilab", "dünya inqilabı" nəzəriyyələri var idi. Yəni inqilab tək bir ölkədə baş verməyəcək, "domino effekti" kimi başqa ölkələrə də zəncirvari təsir edəcəkdi. Trotskinin bu nəzəriyyəsini SSRİ rəhbəri İosif Stalin bəyənmədi və sonda Stalinin "inqilab bir ölkədə ola, orada formalaşa və inkişaf edə bilər" nəzəriyyəsi üstünlük təşkil etdi, baxmayaraq ki, tarixi olaraq başqa ölkələrdə də bu inqilablar ola bilərdi. Maraqlı burası idi ki, hələ əllinci-altmışıncı illərdə artıq iki sistem var idi: kapitalizm sistemi, sosializm sistemi.

Məhz bu səbəbdən Qərbdə tamamilə yeni bir doktrinanı irəli sürməyə başladılar - "iki sistemin dinc, yanaşı yaşayışı/konvergensiyası". Yəni iki sistem praktiki olaraq paralel yox, bir-birinə yaxınlaşan formada inkişaf edir. Belə nəzəriyyələrin hamısı ideoloji bir cəbhədə formalaşdırılırdı ki, inqilabi proseslərin zəncirvari getməsinin qarşısı alınsın.

Xatırlatmaq lazımdır ki, sosialist və kapitalist ideologiyasının inqilabi prosesləri hətta İkinci Dünya müharibəsindən sonra Avropanın bir hissəsində Sovet ordusunun ələ keçirdiyi və ya sadəcə ideoloji təsir edə bildiyi ərazilərdə də cərəyan edirdi. Bunun real təzahürü Kubada olan inqilab idi ki, Fidel Kastro sosializm yolunu seçdi. Bundan başqa, bir çox Latın Amerikası ölkələrində və Afrika qitəsində bir sıra ölkələr artıq sosialist orientasiyasını götürüb bu formada inkişaf etmək istədilər. Təbii ki, bunlar utopik fikirlər idi, hamısı sınaqdan keçdi və uğursuzluqla nəticələndi.

Çinin və Vyetnamın özündə biz görürük ki, formal olaraq Kommunist Partiyası dövlətin başında durur, amma praktiki fəaliyyəti tamamilə bazar iqtisadiyyatına dayanır. Orada da sosialist modelini seçiblər: hər iki ölkə formal olaraq Kommunist Partiyasının rəhbərliyi altındadır, amma praktiki olaraq bazar iqtisadiyyatı yolu ilə, yəni kapitalizim xətti ilə irərləyirlər.

Ümumilikdə tarix onu göstərdi ki, bazar iqtisadiyyatının bir çox üstünlükləri var və ən əsas, ən vacib üstünlüyü ondan ibarətdir ki, bu sistem özünü qorumağa çalışır. Varlıların nümayəndələri, onların ideoloqları, rəhbərləri və çox varlı insanlar yeni-yeni fikirlər bölüşürlər, çıxışlar edirlər, təkliflər verirlər, amma bu, yenə də qeyd etmək istəyirəm ki, maliyyə ədalətsizliyinin qarşısını almaq üçün deyil. Bu, daha çox bazar iqtisadiyyatı sistemini daha da möhkəmləndirmək, gələcəyini problemləşdirməmək, inqilabi proseslərə imkan yaratmamaq üçündür”.

İqtisadçı-alim məsələnin mahiyyətinə uyğun olaraq bazar iqtisadiyyatının təsirlərinə və effektivliyinə də münasibət bildirib:

"Bir daha qeyd etmək istəyirəm ki, bazar iqtisadiyyatı öz effektivliyini dəfələrlə təsdiqlədi və istənilən formada özünümüdafiə alətlərindən də kifayət qədər yaxşı istifadə etdi.

Burada mən böyük iqtisadçı Con Meynard Kaynsin nəzəriyyəsini misal gətirmək istərdim: Onun fikrincə, dövlət bazar iqtisadiyyatına müdaxilə etməli idi. Klassik nəzəriyyələrin başında isə Adam Smit durur. Onun nəzəriyyəsinə görə dövlət ən minimum səviyyədə bu işlərə qarışmalı, sadəcə vergi yığımı məsələlərinə müdaxilə etməlidir. ikinci nəhəng alim isə təsdiqlədi ki, bazar iqtisadiyyatı həqiqətən özü-özünü idarə edə bilməyəcək, burada ən azından dövlətin gücü, alətləri lazımdır ki, sistemə nəzarət etsin və problemlərin həlli yolunun alternativlərini qiymətləndirsin.

Son bir neçə ildə müşahidə olunur ki, bazar iqtisadiyyatı, həqiqətən də, öz inkişafında böyük problemlərlə üzləşir. Bu problemlərin ən dəhşətlisi dünyada gedən müharibələrdir. Bu müharibələrdə heç kim heç kimi aldatmasın və aldanmasın: müharibələrin kökündə həqiqi mənada, hələ Marksın qeyd etdiyi kimi, maliyyə və iqtisadi maraqlar dayanır. Yəni kapital bir çərçivədə, bir və ya bir neçə ölkədə çox inkişaf edəndə və hiss edəndə ki, izafi dəyərə hansısa formada məhdudiyyət qoyulur, kapital istədiyini qazana bilmir, onda artıq yeni alətlərə əl atılır.

Bunun ən dəhşətli, ən təhlükəlisi məhz müharibədir. Mən hətta bir misal gətirim: Amerika Birləşmiş Ştatlarının 20 il bundan öncə İraqa hücum etməsinin təməlində İraq nefti və təbii qazı dayanırdı. O zamankı statistik məlumatlara görə, ABŞ həmin neft və qazın satışını tam nəzarətə götürmək üçün bu müharibəni başlatdı. Çox sadə və yalan fikirlər ifadə olundu ki, İraqda nüvə silahı, bakterioloji, kimyəvi silahlar var, insanları qırırlar və s. Sonra görürsünüz, İngiltərənin keçmiş baş naziri Toni Bler o vaxt açıq-aydın etiraf etdi, Amerika prezidenti də etiraf etdi ki, iddia olunan silahlar tapılmadı. Amma artıq dövlət dağılmışdı. Nəticə olaraq həmin ərəfədə neftin bir bareli 149 dollara çıxanda Qərb nəhəng neft şirkətləri neftə elə nəzarət edirdilər ki, ən çox qazancı məhz onlar əldə etsinlər və etdilər də.

ABŞ bəyan edirdi ki, İraqda hər gün dövlətçiliyi bərpa etməyə, insanları qorumağa, inkişafa 1 milyard dollar vəsait xərclənir. Düşünürəm ki, bu miyardlar ABŞ-nin hərbi davamlılığını təmin etmək məqsədi ilə sərf edtiyi büdcə idi, əhalinin rifahı və dövlətçiliyi üçün yox. Amma əsas məqsəd neftdən gələn gəliri qat-qat çox əldə etmək idi. ABŞ-nin ötən il Venesuelada bir növ çevriliş etməsinin səbəbi də elə Venesuelanın nefti idi. Hətta uzun illər bundan öncə Liviya lideri Qəddafinin devrilməsinin də əsasında bu ölkənin neft maraqları dayanırdı.

Professor qeyd edib ki, yeraltı-yerüstü sərvətləri olmayan ölkələrə maraq yoxdur:

"Elə ölkələr var ki, nə bazarı var, nə zəngin torpağı, nə də hansısa bir resursu. Belə ölkələrə heç bir qlobal gücün və ya nəhəng dövlətlərin marağı yoxdur, lakin hansı ölkələrin iqtisadi potensialı, gücü və təbii sərvətləri varsa onlar hər daim diqqət mərkəzindədirlər. Mən indi marksist nöqteyi-nəzəri ilə məşğul deyiləm, yaxud oradan çıxış etmirəm, amma bildiyimə və anladığıma görə bu, həqiqətdir. Bugünlərdə və gələcəkdə də bu həqiqət bir daha göstərəcək ki, istənilən qlobal prosesdə nəhəng, böyük ölkələrin arasında yenə də böyük münaqişələr baş verir.

Misal üçün, ABŞ Avropa ilə, Çin ABŞ-lə ... Məqsəd nədən ibarətdir? Maraq dünya bazarına, dünya resurslarına nəzarət etməkdən ibarətdir. Burada belə bir problem də yaranır ki, süni intellektin özünün inkişafı bütün gedən prosesləri kifayət qədər sürətləndirir. Onun hansısa təbəqənin əlinə keçməsi və hətta bəşəriyyət üçün təhlükəli məqama gəlib çatması da dünyanı idarə edən nəhəng dövlətləri və digər gücləri çox narahat edir.

Ona görə arada belə çıxışlar olacaq, bunlara aldanmaq lazım deyil. Mənim heç bir sosialist inqilabını tərifləmək fikrim yoxdur, tarix bunu təsdiq etdi: demokratiya və bazar iqtisadiyyatı istənilən ölkə üçün yeganə yoldur, bu yoldan başqa yol yoxdur. Buna görə də fikirləşirəm ki, Azərbaycan bu gün düzgün yoldadır - tam formada, istər siyasi mənada, istər iqtisadi inkişafında və uğurlarında. Əgər Azərbaycan bu gün hər ay yeni bir uğur əldə edirsə, bu deməkdir ki, ölkəmizin gələcəyi parlaq olacaq."

Rüfət Quliyev Azərbaycanın bu günkü vəziyyətini də şərh edib:

"Elə bir coğrafi məkanda yerləşirik ki, dörd tərəfimizdə böyük kataklizmlər baş verir: müharibələr, iqtisadi kataklizmlər, problemlər, nəhəng ölkələrlə toqquşmalar, yaranan problemlər. Sonda bunun əziyyətini kim çəkir? İnsanlar! Ona görə gəlin açıq etiraf edək: siyasi və iqtisadi doktrinamızın başqa alternativi yoxdur, hər şey nəticə ilə bilinir. Buyurun baxın, nəticə necədir? Sakitlik, əmin-amanlıq, inkişaf, ümidlə gələcəyə baxmaq, öz üzərində çalışdığın qədər irəli getmək, sosial liftin mövcudluğu - bunlar hamısı vacib faktorlardır.

Bəli, istənilən formada, istənilən sistemdə müəyyən problemlər var, müəyyən səhvlər də olur, amma bu o demək deyil ki, ölkə düzgün inkişaf etmir. Ölkə tamamilə düzgün inkişaf edir və dünyada elə bir ölkə yoxdur ki, problemi olmasın, bütün ölkələrdə problemlər mövcuddur."

Skat.az - Ev və Avtomobil elanları