SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Qərbi Azərbaycanın əhalisinin doğma torpaqlarına qayıtmasının hüquqi əsaslarına dair seminar keçirilib

Qərbi Azərbaycanın əhalisinin doğma torpaqlarına qayıtmasının hüquqi əsaslarına dair seminar keçirilib

  • 06 iyul 2025, 22:08
Qərbi Azərbaycan

Azərbaycan Milli Elmlər Akademiyasının A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Qərbi Azərbaycanın əhalisinin doğma torpaqlarına qayıtmasının hüquqi əsasları” mövzusunda seminar təşkil edilib.

Yurd.Media xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun reallaşdırdığı “Qərbi Azərbayca qayıdış haqqı” layihəsi çərçivəsində keçirilib.

Seminarda çıxış edən Tarix və Etnologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev tədbirin günümüzün aktual probleminə həsr olunduğunu vurğulayıb. Azərbaycanın öz ərazisində dövlət suverenliyini bərpa etməsi, ölkəmizin böyük regional və ümumdünya miqyaslı problemlərin həllində qazandığı qlobal uğurlar barədə danışıb.

Layihənin rəhbəri İbrahim Əliyev məruzəsində Cənubi Qafqazda Rusiya imperiyasının yeritdiyi siyasətin mahiyyətinə və nəticələrinə diqqət yönəldib. Bu siyasətdə erməni amilinin oynadığı rolu bir daha konkret faktlarla işıqlandırıb. Xüsusi olaraq göstərib ki, ermənilərin regiona məqsədyönlü şəkildə köçürülməsi vaxtından və dövlət quruluşundan asılı olmayaraq, dönmədən aparılıb. “Cənubi Qafqazın erməniləşdirilməsi, azərbaycanlıların öz döğma yurdlarından didərgin salınması tariximizin ən ağrılı məsələrindən biridir”, - deyə o vurğulayıb.

Məruzəçi diqqəti Azərbaycan xalqının keçdiyi təkamül prosesinə də yönəldib:”Tarixə nəzər saldıqda biz xalqımızın düşdüyü bəladan qurtuluşu istiqamətində irəliləyişini görə bilərik. Tarixi vərəqlədikcə bir-birini əvəz edən mərhələləri, dirçəliş prosesini görməmək mümkün deyil. Bu təkamülün yekunu günümüzün reallığı olan Azərbaycan Respublikasının öz haqlarını addım-addım təsdiq etməsidir”.

Məruzədə Azərbaycanın müasir dövrdə atdığı addımların əhəmiyyəti, o cümlədən əhalinin vaxtilə məhrum edildiyi döğma torpaqlarına qayıdışın hüquqi əsaslarının araşdırılması diqqət mərkəzinə gətirilib.

Tədbirdə məruzələr diqqətlə dinlənilib, geniş müzakirələr aparılıb. Müzakirələr zamanı mühüm məqamlara toxunulub, bu istiqamətdə aparılan tədqiqatların vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, yeni dünya nizamının formalaşdığı indiki məqamda Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü bir xəttin yeridildiyi vurğulanıb və bunun uğurla nəticələnəcəyinə inam ifadə olunub.

Prime Leasing