Göygöl rayon İcra Hakimiyyəti Köşkü kəndi ərazisində yerləşən meşəlik sahədə antisanitar vəziyyətlə bağlı açıqlama verib.
İcra hakimiyyəti tərəfindən Yurd.Media-nın dərc etdiyi materiala cavab olaraq bildirilib ki, Köşkü kəndində 4 ədəd zibil qutusu quraşdırılıb.
"Rayon ərazisində, o cümlədən turizm marşrutlarının keçdiyi ərazilərdə sanitar təmizlik işləri daim diqqət mərkəzində saxlanılır, ərazilərin mütəmadi təmizlənməsi və sanitariya vəziyyətinin qorunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Göygöl rayonunun dağ kəndləri, o cümlədən Keşkü kəndi və həmin istiqamətdə yerləşən digər yaşayış məntəqələri kənd turizmi marşrutlarına daxil olduğundan yaz-yay aylarında əraziyə gələn turist və digər ziyarətçilərin sayı əhəmiyyətli dərəcədə artır. Nəticədə bəzi hallarda təbiət ərazilərinə və avtomobil yollarının kənarlarına məişət tullantılarının atılması hallarına rast gəlinir. Qanunvericilikdə bu cür hallara görə müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulsa da, problemin qarşısının alınmasında ictimai nəzarətin və vətəndaşların ekoloji məsuliyyətinin artırılması mühüm əhəmiyyət kəsb edir".
İcra hakimiyyətindən bildirilib ki, Köşkü kəndi Aşıqlı kənd inzibati ərazi dairəsinin tərkibinə daxildir:
"Çəkilişdə qeyd olunan ərazi isə Göygöl Meşə Fondunun torpaqlarına aiddir. Məlum olduğu kimi, yerli əhəmiyyətli məsələlərin həlli, ərazilərin abadlaşdırılması və müvafiq kommunal tədbirlərin həyata keçirilməsi qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində bələdiyyələrin fəaliyyət istiqamətlərinə daxildir. 2026-cı il ərzində Aşıqlı kənd İnzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinin ərazilərinə ümumilikdə 27 ədəd yeni zibil qutusu quraşdırılmış, onlardan 4-ü Keşkü kəndində yerləşdirilmişdir.
Bununla yanaşı, ərazinin, xüsusilə turizm marşrutlarının keçdiyi dağlıq ərazilərin sanitar və ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq işlərin görülməsi təmin edilir".