Azərbaycan Beynəlxalq Bankı (ABB) vəfat edən müştərisinin həyat yoldaşına qarşı məhkəmədə iddia qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, ABB nümayəndəsi Loğman Kərim oğlu İmaməliyevin vərəsəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib.
İddia ərizəsində göstərilib ki, Loğman İmaməliyevin mirası qəbul etmiş vərəsəsindən ABB-nin xeyrinə 2023-cü il tarixli “Tam kart” müqaviləsinə əsasən, 3377 manat əsas və 744 manat faiz borcu olmaqla, cəmi 4121 manat və 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 10 680 manat əsas, 1730 manat faiz olmaqla, cəmi 12 410 manat olmaqla, ümumilikdə 16 531 manat pul vəsaitinin, həmçinin ödənilmiş 140 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilib.
İddia tələbi onunla əsaslandırılıb ki, ABB ilə Loğman İmaməliyev arasında bağlanmış 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 16,9 faiz ödəmək şərti ilə 15 000 manat məbləğində kredit verilib.
Həmçinin, bank ilə İmaməliyev arasında bağlanmış 2023-cü il tarixli “Tam kart” müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 3400 manat məbləğində kredit xətti açılıb.
Loğman İmaməliyev 2023-cü ildə vəfat edib. Sumqayıt şəhər notariat ofisinin 2024-cü il tarixli məktubuna əsasən İmaməliyev Loğman Kərim oğlunun mirası qəbul etmiş vərəsəsinin həyat yoldaşı olduğu müəyyən edilib.
İddia tələbi üzrə aparılan araşdırma zamanı İmaməliyevdən qalan əmlak da müəyyən edilib.
Miras əmlak Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Dalğa” B/Y 1488 ünvanında yerləşən, ümumi sahəsi 0,06 hektar olan torpaq sahəsindən ibarətdir.
Həmçinin daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş arayışa əsasən həmin torpaq sahəsinin ipoteka ilə yüklü edilmədiyi, həbs altında olmadığı və özgəninkiləşdirilməsinə qadağa qoyulmadığı qeyd edilib.
Rəsmi sənədlərdən görünür ki, torpaq sahəsinin bazar qiyməti 15 000 manat, likvid dəyəri 12 000 manat təşkil edib.
Məhkəmə iddia tələbini təmin edib.