Yarım milyon manata yaxın ödəniş tələbi ilə üzləşən logistika şirkətinin əmlakına əlavə məhdudiyyət qoyulması barədə müraciət rədd edilib.
Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, 425 min manatlıq borca görə “Azlogistika and Management Services” ASC-nin bank hesablarına həbs qoyulsa da, şirkətə məxsus 192 nəqliyyat vasitəsinin satışına qadağa tətbiq edilməyib.
Belə ki, “BT TEXNI SERVIS” MMC-nin avtomobillərə və bir frontal yükləyiciyə həbs qoyulması ilə bağlı müraciəti Bakı Kommersiya Məhkəməsi tərəfindən təmin edilməyib.
Mübahisə tərəflər arasında tibbi tullantıların yığılması və utilizasiyası ilə bağlı bağlanmış müqavilədən yaranıb. İddiaçı şirkət bildirib ki, 2025-ci ilin yanvar, fevral və mart aylarında qarşı tərəfə xidmət göstərsə də, müqavilə üzrə ödənişlər tam həyata keçirilməyib. Yanvar ayı üzrə yalnız 23 600 manat qismən ödəniş edilib.
“BT TEXNI SERVIS” MMC 360 185,91 manat əsas borc və 64 833,46 manat ƏDV olmaqla, ümumilikdə 425 019,37 manat tələb irəli sürüb. Bundan əlavə, şirkət 21 250,96 manat dəbbə pulu, eyni məbləğdə gecikmə faizi, 753,52 manat dövlət rüsumu və 3 000 manat hüquqi xidmət haqqının ödənilməsini istəyib. Ümumi tələb 467 521,29 manat təşkil edib.
İddiaçı şirkət əvvəlki müraciəti əsasında “Azlogistika and Management Services” ASC-nin bank hesablarına 425 019,37 manat məbləğində həbs qoyulmasına nail olub. Bununla kifayətlənməyən şirkət cavabdehə məxsus 192 nəqliyyat vasitəsinin və “LİNDE H-80D” markalı frontal yükləyicinin özgəninkiləşdirilməsinə də qadağa qoyulmasını istəyib.
Lakin məhkəmə bu dəfə müraciəti təmin etməyib. Qərarda bildirilib ki, iddiaçı bank hesablarına qoyulmuş həbsin tələbin icrasını təmin etmək üçün yetərsiz olduğunu sübut edə bilməyib. Həmçinin cavabdehin nəqliyyat vasitələrini satmaq və ya gizlətmək niyyətində olmasını təsdiqləyən sübutlar təqdim edilməyib.
Məhkəmə avtomobillərin əksəriyyətinin şirkətin logistika fəaliyyəti üçün zəruri ola biləcəyini də nəzərə alıb. Nəqliyyat vasitələrinin və yükləyicinin bazar dəyərini təsdiqləyən qiymətləndirmə sənədlərinin təqdim edilməməsi də qadağanın tətbiqinə əsas verməyib.
Beləliklə, məhkəmə 192 nəqliyyat vasitəsinin və bir frontal yükləyicinin satışına qadağa qoyulması barədə ərizəni rədd edib. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün ərzində şikayət verilə bilər.
Qeyd edək ki, “Azlogistika and Management Services” ASC-nin nizamnamə kapitalı 6 000 manatdır. Şirkətin qanuni təmsilçisi Max Elmar Ali Zade-dir. ASC 25 iyun 2009-cu ildə vergi uçotuna alınıb.
“BT TEXNO SERVİS” MMC-nin isə nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Kamran Bağırov Kamil oğludur. MMC 3 mart 2006-cı ildə dövlət qeydiyyatına alınıb.
