Azərbaycanın sektoral televiziyası “Biznes TV” Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Tərəflər Konfransında (COP31) rəsmi akkreditasiyadan keçmiş media qurumu kimi qatılıb.
Yurd.Media xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyi tərəfindən media akkreditasiyası əldə edən “Biznes TV” beş gün ərzində konfransın həm “Mavi”, həm də “Yaşıl” zonasında fəaliyyət göstərərək xəbərlər, müsahibələr, reportajlar və xüsusi buraxılışlar hazırlayıb.
Televiziyanın COP31 çərçivəsindəki redaksiya fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan pavilyonunun işıqlandırılması olub. Azərbaycanın beynəlxalq iqlim gündəliyindəki mövqeyi, ölkəmizin ekoloji təşəbbüsləri, yaşıl iqtisadiyyata keçid istiqamətində görülən işlər və COP29-dan COP31-ə qədər davam edən proseslər diqqət mərkəzində saxlanılıb.
"Biznes TV" konfransın gündəliyini işıqlandırmaqla kifayətlənməyərək müxtəlif ölkələrin pavilyonlarından xüsusi buraxılışlar da hazırlayıb. Türkiyə, Özbəkistan, Çin, Oman və Malayziya pavilyonlarına həsr olunan reportajlarda həmin ölkələrin iqlim təşəbbüsləri, dayanıqlı inkişaf strategiyaları, yaşıl enerji həlləri, eləcə də milli-mədəni irsi və özünəməxsus ənənələri tamaşaçılara təqdim edilib.
"Biznes TV"nin COP31-də iştirakının əsas məqsədi qlobal iqlim gündəliyini biznes və iqtisadiyyat prizmasından işıqlandırmaq, beynəlxalq təcrübəni Azərbaycan sahibkarlarına çatdırmaq, yaşıl iqtisadiyyatın yaratdığı yeni biznes və investisiya imkanlarına diqqət çəkmək olub.
Sektoral media qurumu olaraq "Biznes TV" iqlim dəyişmələrini yalnız ekoloji məsələ kimi deyil, həm də dünya iqtisadiyyatının, investisiya siyasətinin və sahibkarlığın gələcəyini formalaşdıran mühüm amillərdən biri kimi qiymətləndirir.
Bu baxımdan, beynəlxalq platformalarda iştirak, qlobal iqtisadi tendensiyaların yerindən işıqlandırılması və qabaqcıl təcrübənin yerli biznes ictimaiyyətinə çatdırılması televiziyanın strateji fəaliyyət istiqamətlərindəndir.
COP31 çərçivəsində hazırlanan materiallar Biznes TV-nin efir və rəqəmsal platformalarında yayımlanır. Tamaşaçılar reportajları, müsahibələri və xüsusi buraxılışları televiziyanın rəsmi YouTube kanalında yaradılmış “COP31” pleylistindən izləyə bilərlər.