“PAŞA Bank” ASC-nin gələn ay “Bakı Fond Birjası” QSC-də yerləşdirmək istədiyi yeni səhmləri fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də ala biləcəklər.
Bu barədə Yurd.Media-ya Bankdan bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 20 manat olan 932 926 ədəd adi, adlı səhm 55 manatdan investorlara təklif olunacaq. Azı 1 səhm alınmalıdır.
Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5 % faiz gəliri hesablanacaq.
Bütün səhmlər satılsa, "PAŞA Bank"ın nizamnamə kapitalı 18,7 milyon manat artaraq 354,5 milyon manatdan 373,2 milyon manata çatacaq. Yeni investorlar Bankda 5% paya malik olacaqlar.