Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik bülletenə əsasən, ölkədə 223 mindən çox vətəndaşın banklarda müddətli əmanəti var.
Yurd.Media xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
“Yəni, əhalinin 2,2%-i bank əmanətçisidir (kartda pul saxlayanlar bura aid deyil). Açıqlanmalı olan daha bir maraqlı məlumat isə nə qədər adamın banklarda payının olmasıdır. Azərbaycanın aparıcı bankları, səhmlərini kütləvi təklif üsulu ilə yerləşdirmiş - dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC və "PAŞA Holdinq" MMC-yə məxsus "PAŞA Bank" ASC müvafiq olaraq təxminən 28 min və 18 min səhmdarının olduqlarını bəyan edirlər. Amma bu o demək deyil ki, ölkədə azı 46 min insan bank səhmdarıdır və yaxud bankı var. Çünki, bir adamın əlində bir neçə bankın səhmi ola bilər (belələrini şəxsən tanıyıram). Dəqiq rəqəmi səhm sahiblərinin qeydiyyatını aparan Milli Depozit Mərkəzi açıqlaya bilər. Yalnız bundan sonra biz əhalinin hansı hissəsinin bank sahibi olduğunu müəyyən edə bilərik”, - deyə o qeyd edib.