Hesablama Palatası Azərbaycanın sığorta bazarının zəif tərəflərini açıqlayıb.
Yurd.Media-nın məlumatına görə, Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir ki, sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir və yüksək konsentrasiya formalaşıb.
Sənədə əsasən, dövlət sifarişlərinin icrasında cəmi 4 sığorta şirkəti iştirak edir. Sığorta portfelinin 75 %-i isə bir şirkətin payına düşüb ki, bu da bazarda rəqabət mühitinin məhdud olduğunu göstərir.
Bundan əlavə, Azərbaycanda icbari sığorta sahəsində normativ ziddiyyətlər aşkarlanıb. Belə ki, Nazirlər Kabinetinin qərarına görə sığorta haqları yalnız müqavilə bağlandıqdan sonra ödənilir. Lakin ümumi qanunvericiliyə əsasən, sığorta müqaviləsinin qüvvəyə minməsi üçün əvvəlcədən ödəniş tələb olunur. Bu uyğunsuzluq praktikada sığorta prosesinin həyata keçirilməsini çətinləşdirir.
Audit zamanı həmçinin bəzi hallarda eyni əmlak üzrə müxtəlif illərdə fərqli bərpa dəyərlərinin tətbiq olunduğu müəyyən edilib. Bu isə sığorta haqlarında izahı verilməyən fərqlərin yaranmasına və xərclərin artmasına səbəb olub.
Hesabatda qeyd olunur ki, dövlətə məxsus əmlakların hamısının sığortalanması təmin edilməyib və proses əsasən ayrılmış vəsait çərçivəsində həyata keçirilib. Bu isə sığorta əhatəliliyinin tam təmin olunmadığını göstərir