SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Kapital Bank süni intellektin tətbiqi və kiberdələduzluqla mübarizə üzrə nailiyyətlərini AÇIQLADI

"Kapital Bank" süni intellektin tətbiqi və kiberdələduzluqla mübarizə üzrə nailiyyətlərini AÇIQLADI

"Kapital Bank" süni intellektin tətbiqi və kiberdələduzluqla mübarizə sahəsində əldə etdiyi nailiyyətləri açıqlayıb.

Yurd.Media xəbər verir ki, ötən ilin yekunlarına və gələcək hədəflərin bəyan olunmasına həsr olunmuş mətbuat konfrasında Bankın İdarə Heyətinin sədri Fərid Hüseynov bildirib ki, bu gün "Birbank" mobil tətbiqinə ünvanlanan müraciətlərin 70 %-i süni intellektlə cavablandırılır:

"Ötən il "Birbank" çatına ünvanlanan müştəri sorğularının emalı 40 %-dən 70 %-ə yüksəlib. Bu artım müştərilərin məmnuniyyət nəticələrinin də 75 %-ə yüksəlməsinə səbəb olub. Yeni nəsil "AI-agent" əsaslı çat həllərimiz vasitəsilə müştərilər artıq bir çox əməliyyatları müstəqil şəkildə icra edə bilirlər - kartların blokdan çıxarılması, əməkhaqqı avansı, nağd kredit və ya kredit kartı üçün müraciət kimi xidmətlər artıq operator müdaxiləsi olmadan həyata keçirilir. Rəqəmsallaşma trendini daxili əməliyyatlarımızda da tətbiq edirik. Nümunə olaraq desəm robotik avtomatlaşdırma (RPA) texnologiyası vasitəsilə 2025-ci ildə 8 departament üzrə 46 biznes prosesini avtomatlaşdırmışıq və bu, bizə 93 min saatlıq manual iş yükünə qənaət etmək imkanı yaradıb".

"Kapital Bank" İdarə Heyətinin sədri Fərid Hüseynov

Onun sözlərinə görə, 2025-ci ildə "Kapital Bank" ASC 50 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib.

"Körfəz regionunun aparıcı bankı olan "Mashreq Bank"la əməkdaşlıq çərçivəsində "Kapital Bank"a 50 milyon ABŞ dolları sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub. Bank həmçinin, ötən il Özbəkistanın ən böyük IT ekosistemi ilə tərəfdaş olub. "Uzum" ekosisteminə daxil olan "MAKESENSE" şirkətinə 22 milyon ABŞ dolları məbləğində sindikativ kredit ayırılıb. Bu əməkdaşlıqla "Kapital Bank"ın tarixində ilk dəfə beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat krediti ayrılıb", - Bankın İdarə Heyətinin sədri bildirib.

Bundan başqa, F.Hüseynov deyib ki, Banka məxsus "Birbank Invest" 9 ay ərzində 25 000 000 ABŞ dolları vəsaiti dövriyyə edib:

"Bu gün ən dəyərli vəsait hərəkətdə olan, böyüyən və gələcəyə yatırılan vəsaitdir. Biz bu fəlsəfəni rəhbər tutaraq, ötən il "Birbank" brendlərinə tamamilə yeni bir nəfəs gətirdik və "Birbank Invest"i ictimaiyyətə təqdim etdik. "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC ilə birgə ərsəyə gətirdiyimiz bu layihə Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqidir, həm peşəkarlar, həm də ilk dəfə investisiya dünyasına addım atanlar üçün böyük imkanlar qapısıdır. Biz investisiya mühitini o qədər sadələşdirdik və əlçatan etdik ki, artıq rəqəmlər də öz sözünü deyir. Bu gün cəmi 1 dollarla qlobal bazarlara giriş etmək mümkündür. İstifadəçilərimiz ABŞ-nin aparıcı şirkətləri və Birja Fondları (ETF) da daxil olmaqla 12 000-dən çox maliyyə alətindən faydalana bilirlər. Bütün bunlar sürətli rəqəmsal qeydiyyat, 7/24 investisiya imkanı, 500 000 dollara qədər sığorta və yüksək təhlükəsizlik standartları ilə baş verir. Çox qısa zaman keçsə də, artıq 100 000-ə yaxın istifadəçimizin bizə güvənməsi və dövriyyənin 25 milyon ABŞ dollarından çox olması göstərir ki, cəmiyyətimiz bu transformasiyaya çoxdan hazır idi".

Bankın Baş risk inzibatçısı Ağarza Baxşiyev isə bildirib ki, 2025-ci ildə "Kapital Bank" ASC müştərilərinin 7 milyon 22 min 165 manat vəsaitinin oğurlanmasının qarşısını alıb.

Onun sözlərinə görə, oğurluğun qarşısını almaq üçün 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı bloklanıb.

Bank rəsmisi əlavə edib ki, 2024-cü illə müqayisədə rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı artıb: "Xüsusilə sosial mühəndislik üsulları ilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər daha intensiv xarakter alıb. Adımızdan saxta reklam, elan, lotereya xarakterli kampaniya həyata keçirdiyini iddia edən 1 000-dən çox veb-sayt, sosial media səhifəsi bloklanıb".

"Kapital Bank" Baş risk inzibatçısı Ağarza Baxşiyev

A.Baxşıyev əlavə edib ki, ötən il "Kapital Bank" özünə məxsus "Birbank" mobil tətbiqində bir sıra yeniliklər edib və bunun hesabına 10 000 nəfərdən çox insan dələduzları ifşa edərək öz vəsaitini qoruyub: "Biz müştərilərimizə zəng edən şəxsin bank əməkdaşı olub olmadığını yoxlamaq imkanı verdik. Yəni, zəng edən həqiqən bank əməkdaşıdırsa mobil tətbiqdə bunu təsdiq edən bildiriş olur. Bank əməkdaşı olmayan şəxs isə bu bildirişi göndərə bilmir. Bunda başqa, ötən il 40 000-dən çox istifadəçinin cihazında virus olduğu üçün onların mobil tətbiqini bloklamışıq, bununla da minlərlə vətəndaşın potensial dələduzluq riski ilə üzləşməsinin qarşısını almışıq".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları