Bu il aprelin 1-nə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çox olub.
Yurd.Media apardığı araşdırmaya görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (2 931,7 milyon manat), “Kapital Bank” (2 153,6 milyon manat), “PAŞA Bank” (1 820,6 milyon manat), “Azər-Türk Bank” (ATB, 205,1 milyon manat) və “Xalq Bank” (181,4 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 1-də qiymətli kağızlara investisiyalar 100-150 milyon manat arasında, 10 bankda 10-100 milyon manat arasında, 4 bankda isə 0-10 milyon manat arasında olub. 1 bankın isə kapital bazarına investisiyaları olmayıb.
Son 1 ildə 21 bankdan 6-nın qiymətli kağızlara investisiyaları artıb. Bunlar, “Premium Bank”, “Yelo Bank”, “Unibank”, “Rabitəbank” və “Bank Avrasiya” ASC-lər, İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika “Premium Bank”da (5,1 dəfə), ən aşağı dinamika isə “Bank Avrasiya”da (6%) qeydə alınıb.
Bazar iştirakçılarından birinin – “Azərbaycan Sənaye Bankı” ASC-nin son 1 ildə qiymətli kağızlar bazarına investisiyaları olmadığı üçün dinamikanı hesablamaq mümkün olmayıb.
14 bankın isə kapital bazarına investisiyaları azalıb.