Bu il aprelin 1-nə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin aktivləri 2,5 milyard manatdan çox olub.
Yurd.Media-nın araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 14 310,7 milyon manat), “Kapital Bank” (11 800,95 milyon manat), “PAŞA Bank” (9 048,1 milyon manat), “Xalq Bank” (3 020,8 milyon manat) və “Bank Respublika” (2 639,85 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 7-nin aktivləri 1-2,5 miyard manat arasında, 9-nun aktivləri isə 0,1-1 milyard manat arasındadır.
Son 1 ildə 21 bankdan 5-nin aktivləri azalıb. Bunlar, “Premium Bank”, ABB, “Xalq Bank”, “Kapital Bank” və “Bank VTB Azərbaycan” (VTB) ASC-lərdir. Ən çox azalma VTB-də (7,1%, ən az azalma isə “Premium Bank”da (0,1%) qeydə alınıb.
Qalan 16 bankın isə aktivləri artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (60,9%), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (0,9%) baş verib.
