Başa çatan 2025-ci il Azərbaycanda investisiya mühitinin inkişafı və investisiya şirkətlərinin fəaliyyətində mühüm mərhələ kimi yadda qaldı.
Yurd.Media ölkənin aparıcı investisiya şirkətləri ilə ilin yaddaqalan məqamlarını araşdırıb, əldə olunan nailiyyətlərlə bağlı sorğu edib.
"Xalq Bank" ASC-nin təsisçisi olduğu “Xalq Kapital İnvestisiya Şirkəti”ndən bildirilib ki, 2025-ci il şirkət üçün yeniliklərlə əlamətdar oldu:
“Artıq “Xalq Kapital” aktiv olaraq anderraytinqlə məşğul olmağa başlayıb. Həm "Regional" BOKT üçün 1 milyon manatlıq sənədsiz istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsini həyata keçirib, həm “Xalq Bank”ın 5 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi ilə məşğul olub”.
“Xalq Kapital İnvestisiya Şirkəti” qeyd edir ki, həyata keçirilən aktiv fəaliyyət nəticəsində öncəki ildəki zərər bağlanılıb və şirkət 2025-ci ili gəlirlə yekunlaşdıracaq:
“Bütün korporativ idarəetmə standartlarının yenilənməsi ilə bağlı keçən il çox xərclər etmişdik, bu il də etməyə davam edirik, amma artıq gəlirlər xərcləri ötüb. 2024-cü ildə çox şey dəyişməli idi, ona görə bizim üçün çətin oldu, amma bu ili gəlirlə bağlayacağıq”.
2026-cı ilin planlarına gəlincə İnvestisiya Şirkətindən bildirilib ki, gələn il anderraytinq layihələrinin daha çox həyata keçirilməsi, həm açıq, həm də qapalı emissiya yerləşdirmələrin sayının artırılması hədəflənir. Həmçinin “Xalq Kapital” xarici qiymətli kağızlar bazarına da müştərilər üçün təkliflər hazırlamağı planlaşdırır.

Bazarın digər aktiv iştirakçısı olan "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin təsis etdiyi "ABB-İnvest İnvestisiya Şirkəti" QSC də 2025-ci il investisiya bankçılığı (investisiya qiymətli kağızlarının anderraytinqi) və investisiya xidmətləri sahəsində əldə edilmiş bir sıra nailiyyətlər ilə yadda qaldığını vurğulayır.
Şirkətdən Yurd.Media-ya bildirilib ki, şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Azərbaycan Dəmir Yolları (ADY) və “Bank of Baku” istiqrazlarının geniş investor kütləsinə təqdim edilməsi və yerləşdirilməsini həyata keçirib və Azərbaycan kapital bazarından qeyd olunan emitentlər üçün ümumilikdə 96 milyon manat vəsaitin cəlb edilməsini təmin edib.
AYİB istiqrazları ölkənin kapital bazarında beynəlxalq maliyyə institutu tərəfindən buraxılmış ilk istiqraz olmuş və eyni zamanda üzən faiz dərəcəsi (floating rate) ilə bazara institusional investorlar üçün yeni investisiya aləti kimi təqdim edilib. “Bank of Baku” və ADY istiqrazları investorların böyük marağını səbəb olub və nəticədə bu istiqrazların yerləşdirməsində iştirak edən unikal investorların sayı müvafiq olaraq 601 və 330 nəfər təşkil edib.
2025-ci ildə "ABB-İnvest” mobil tətbiq üzərindən öz müştərilərinə 2 yeni investisiya imkanı təqdim edib. ABŞ istiqrazları ilə ticarətin bilavasitə “ABB mobile” tətbiqi üzərindən tam elektron qaydada həyata keçirilməsi müştərilərə daha diversifikasiya edilmiş investisiya porfellərinin formalaşdırılması üçün şərait yaradıb ki, bu “ABB-İnvest” investisiya xidmətlərinin rəqəmsallaşdırılması və əlçatan edilməsi istiqamətində atılmış mühüm bir addım kimi qiymətləndirilir.
"ABB-İnvest” 2025-ci ildə xidmət keyfiyyətinin yüksəldilməsi və investisiya məhsullarının çeşidinin genişləndirilməsi ilə yanaşı əhalinin maliyyə savadlılığının artırılması və kapital bazarı üzrə maarifləndirmə tədbirlərini davam edib. Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə strateji əməkdaşlığa dair memorandum imzalanıb və birgə kapital bazarı sahəsində müxtəlif maarifləndirmə və kadr hazırlığı proqramlarının həyata keçirilməsinə dair razılıq əldə edilib.
2026-cı ildə ABB Invest öz əsas fəaliyyəti çərçivəsində müştərilərinə yeni investisiya xidmətləri və alətləri təqdim etməyə davam etməyi nəzərdə tutur:
“Növbəti ildə şirkət Azərbaycanda tədavül edilən dövlət və korporativ istiqrazları ilə ticarətin “ABB mobile” tətbiqi üzərindən aparılması imkanını, korporativ sektorun kapital bazarından maliyyələşmə təşəbbüslərinə dəstək göstərərək yeni emissiyaların təşkil edilməsi və UNEC-lə birlikdə təlim mərkəzinin yaradılmasını planlaşdırır”.

Qeyd edək ki, Yurd.Media-nın ilin yekunları ilə bağlı sorğusuna operativ cavab verən "Xalq Kapital İnvestisiya Şirkəti” və "ABB-İnvest İnvestisiya Şirkəti"ndən başqa Azərbaycanda Mərkəzi Bankından lisenziya almış daha 10 investisiya şirkəti fəaliyyət göstərir. Onların səhmdarları ümumilikdə 4 hüquqi və 8 fiziki şəxsdir - "Unicapital” (təsisçi "Unibank“), “Capital Partners” ("Rabitəbank"), “PAŞA Kapital” (“PAŞA Holdinq”), “CFİ Financial” (səhmlərinin 90%-i dünyanın aparıcı onlayn ticarət brokeri - “CFI Financial Group”a, 10%-i isə İlqar Rüstəmbəyliyə məxsusdur), “İnvest-Az” (Elşən Quliyev və Ceyhun Abdullayev), “İnno Kapital” (Faiq Məmmədov), “Assist Finance” (Ruslan Cəfərov), “MFX-Trading” (Samir Xəlilov), “CPM-İnvest” (Kəmalə Məmmədova), “Troni” (Siyavuş Şəfiyev).