Bakının əksər rayonlarında köhnə tikili mənzillərin qiyməti avqust ayında da artıb.
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinindən Yurd.Media-ya bildirilib ki, ötən ay ən çox bahalaşma Nərimanov rayonunda olub – 1,4 %. Bahalaşmada öndə gedən digər rayonlar - Nəsimi (1,2 %), Sabunçu (1,1 %), Xətai (1 %) və Səbaildir (1 %). Yasamal və Suraxanı rayonlarında qiymətlər ay ərzində stabil qalıb, Xəzər rayonunda isə gözlənilmədən aşağı düşüb (0,5 %).
Lakin bu müvəqqəti tendensiyadır. Belə ki, il ərzində olan dinamikaya baxsaq həmin Xəzər rayonunda 9 %-lik bahalaşma qeydə alınıb. İllik müqayisədə ən çox bahalaşma isə Səbail (25,2 %), Yasamal (24,5 %) və Nəsimi (19,6 %) rayonlarında qeydə alınıb. Ümumilikdə isə Bakı üzrə il ərzində köhnə tikili mənzil bazarında 11,4 %-lik bahalaşma olub.
İctimai Birliyinin sədri Vüqar Oruc hesab edir ki, bu dinamika yaxın illərdə də davam edə bilər: " Ən çox investisiya mərkəz rayonlara yönəldiyi üçün gələcəkdə də mərkəz və kənar ərazilər arasında qiymət fərqlərinin dərinləşməsi mümkündür".
Yurd.Media daha əvvəl yeni tikili mənzillərin də qiymət artımına dair məlumat dərc edib.