Bakının bütün rayonlarında yeni tikili mənzillərin qiyməti avqust ayında da dayanmadan artıb.
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinindən Yurd.Media-ya bildirilib ki, ötən ay ən çox bahalaşma Nərimanov rayonunda olub – 2,7 %. Bahalaşmada öndə gedən digər rayonlar - Səbail (2 %), Nəsimi (1,6 %), Yasamal (1,5 %), Xətai (1,4 %). Orta hesabla, Bakı üzrə avqust ayında bu kateqoriyadan olan mənzillərin qiyməti 1,7 % artıb.
Ümumiyyətlə il ərzində yeni tikili mənzillərin qiymət artımına baxsaq, ən çox bahalaşma Xətai rayonunda qeydə alınıb – 24 %. Yasamal rayonunda bahalaşma 23 %, Səbail rayonunda 22 %, Nərimanov rayonunda 20,2 %, Nəsimi rayonunda 19,5 % təşkil edib. Orta hesabla, Bakının rayonları üzrə üzrə il ərzində qiymətlər 15,6 % artıb.
İctimai Birliyinin sədri Vüqar Oruc bildirib ki, mərkəzi rayonlarda qiymət artımı təklifin az olması və yüksək tələbatla bağlıdır: "Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarında bahalaşma daha sürətli gedir. Çünki bu ərazilərdə torpaq və mənzil bazarında təklif məhduddur, eyni zamanda investorların, şirkətlərin və əhalinin marağı böyükdür. Periferik rayonlarda isə hələ geniş torpaq ehtiyatları və tikinti imkanları olduğuna görə artım nisbətən zəifdir".