Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək təşkil olunan şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turniri çərçivəsində yarımfinal oyunları keçirilib.
Yurd.Media xəbər verir ki, oktyabrın 26-da Bakı Tennis Akademiyasında keçirilən oyunları AFFA-nın hakimləri Vüsal Balaşov və İmran Məhərrəmov idarə ediblər.
İlk olaraq saat 22:00-da sahəyə “Veteranlar” və “Dəmir Yumruq” komandaları çıxıb. Oyunun ilk dəqiqələrində “Veteranlar”dan Əsgər İbrahimov ilk qolu vurub. Ardınca Ramiz Hüseynov vurduğu zərbə ilə hesabda tarazlıq yaradıb. Ardınca Ramiz Vəlizadənin və İmaməddin Zeynalovun dəqiq zərbələri ilə” Veteranlar” hesabı 3:1-ə çatdırıblar. İlk hissənin bitməsinə 3 dəqiqə qalmış İlqar Xələfli vurduğu qolla dəmir yumruqları ümidləndirib və hesab minimuma enib – 3:2.
Komandalar bu hesabla fasiləyə yollanıblar.
Fasilədən sonra heyətlər təzyiqi gücləndiriblər. “Veteranlar” daha təmkinli oyun nümayiş etdirib və Ramiz Vəlizadənin qolu ilə hesab fərqini ikiyə çatdırıb. “Dəmir Yumruq” rəqibinə qarşı hücum sayını artırsa da nəticə verməyib. Qarşılaşma 4:2 hesabı ilə veteranların xeyrinə başa çatıb və komanda ilk finalçı adını qazanıb.

Saat 23:00-da isə televiziyaçıların mübarizəsi başlayıb. “İctimai TV” ilə “AzTV” adını finala yazdırmaq üçün tərk töküblər. Bərabər səviyyədə keçən oyunda İTV təmsilçiləri Samir Əlizadənin baxımlı qolu ilə önə keçiblər. Fasiləyədək oyun bu hesabla davam edib. Fasilədən sonra ilk hissədə Emil Mirzəyevin zədələnməsi komandanın müdafiəsində müəyyən boşluq yaradıb. Bu fürsətdən istifadə edən qara formalı AzTV komandası Mahir Qafarov, Fuad Eldarov və Bəhrəm Cəbrayılovun qolları ilə 3:1 önə keçib. Gərgin mübarizə, müxtəlif epizodlar və qarşılıqlı hücumlarla zəngin olan bu oyunun sonunda rəqibindən üstün olan “AzTV” adını finala yazdırıb.
Beləliklə, noyabrın 1-də keçiriləcək final qarşılaşmasında “AzTV” və “Veteranlar”, üçüncü yer uğrunda görüşdə isə “Dəmir Yumruq” ilə “İctimai TV” üz-üzə gələcək. Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi olacaq.
