Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura yekun vurulacaq.
Yurd.Media xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
“Zirə” Zirə İdman Kompleksində “Sumqayıt”ı, “Sabah” isə “Bank Respublika Arena”da “Neftçi”ni qəbul edəcək. Hər iki oyuna eyni saatda – 18:00-da start veriləcək.
"Sabah" - "Neftçi" görüşü başa çatdıqdan sonra son ölkə çempionu olan Masazır kollektivinin futbolçuları mükafatlandırılacaq, komandaya kubok təqdim olunacaq.
Hazırda 53 xalla 4-cü pillədə qərarlaşan Yuri Vernidubun komandası Rəşad Sadıqovun kollektivini 3 xal qabaqlayır. “Ağ-qaralar” bu gün qələbə qazanacağı və “qartallar”ın məğlub olacağı təqdirdə UEFA Konfrans Liqasına vəsiqəni təmin edəcək. Digər hallarda isə məsələ sonuncu tura qalacaq.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”i 2:0, “Şamaxı” “Turan Tovuz”u 3:2, “Qarabağ” “İmişli”ni 3:0 hesabı ilə məğlub edib, “Karvan-Yevlax” isə “Qəbələ”yə 1:2 hesabı ilə uduzub.