SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi

WUF13

WUF13

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) 17-22 may 2026-cı il tarixlərində Bakıda təşkil olunur.

Bakı Olimpiya Stadionunda keçirilən tədbir BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.

Bakının ev sahibliyi etdiyi WUF13 dünyanın diqqətini bir daha Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur. 182 ölkədən 40 000 nəfərdən çox iştirakçının qeydiyyatdan keçməsi forum tarixində rekord göstərici kimi qiymətləndirilir. Bu isə tədbirin qlobal miqyasda artan nüfuzunu və Azərbaycana beynəlxalq marağın yüksək olduğunun sübutudur.

Forum çərçivəsində dayanıqlı şəhərsalma, iqlim dəyişiklikləri, urbanizasiya, əlçatan yaşayış, rəqəmsal transformasiya və "yaşıl şəhər" modelləri ilə bağlı müzakirələri aparılır. WUF13 həm də müxtəlif ölkələrin dövlət rəsmilərini, şəhər rəhbərlərini, beynəlxalq təşkilatları, ekspertləri, investorları və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən mühüm dialoq platforması olacaq.

Tədbirdə Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələri xüsusi diqqət mərkəzində olacaq. İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, həmçinin bölgənin "yaşıl enerji zonası"na çevrilməsi istiqamətində görülən işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl model kimi beynəlxalq ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, WUF13 forum tarixində ilk dəfə olaraq Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi ilə də fərqlənir. Bu yenilik tədbirin siyasi və strateji əhəmiyyətini daha da artırır.

18 may 2026 | 17:23

WUF13 Azərbaycanda ən çox nəyi dəyişməlidir? - SORĞU

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirələr aparılır.

Forumda dayanıqlı şəhərsalma, iqlim dəyişiklikləri, urbanizasiya, əlçatan yaşayış, rəqəmsal transformasiya və "yaşıl şəhər" modelləri ilə bağlı müzakirələri aparılır. WUF13 həm də müxtəlif ölkələrin dövlət rəsmilərini, şəhər rəhbərlərini, beynəlxalq təşkilatları, ekspertləri, investorları və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən mühüm dialoq platforması olacaq.

Tədbirin miqyasını nəzərə alaraq Yurd.Media oxucuları arasında sorğu aparır

18 may 2026 | 13:04

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının AÇILIŞ MƏRASİMİ - FOTO/VİDEO

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilir.

Yurd.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar.

Qarşılanma mərasimindən sonra birgə foto çəkdirildi.

https://www.youtube.com/live/1EjMuBj8AkA?si=wrGpSasLnbotz3WP

18 may 2026 | 09:23

WUF13 ikinci gün: Forum tarixində ilk dəfə Liderlər Sammiti

WUF tarixində ilk dəfə Liderlər Sammiti keçiriləcək.

Yurd.Media xəbər verir ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci günü işinə başlayıb.

İlk dəfə keçiriləcək Liderlər Sammitindən başqa, forumun ikinci günündə rəsmi açılış mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında qlobal mənzil böhranı, təhlükəsiz və dayanıqlı şəhərlərin inkişafı, urbanizasiya siyasətləri və şəhər dayanıqlığının gücləndirilməsi istiqamətində prioritet məsələlərin müzakirəsi nəzərdə tutulur.

Gün ərzində Assambleyaların Birgə Bağlanış Mərasimi, Afrika regionu nazirlər görüşü və MINURVI-nin - Latın Amerikası və Karib Hövzəsi üzrə Mənzil və Urbanizasiya Nazirləri və Yüksək Səviyyəli Rəsmilər Forumunun sessiyası da keçiriləcək.

Xatırladaq ki, mayın 22-dək davam edəcək forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib.

17 may 2026 | 23:28

WUF13 bəyanatı: "Mənzil sadəcə sığınacaq deyil, ləyaqətin təməlidir"

Mənzil sadəcə sığınacaq deyil, o həmçinin ləyaqətin, sosial inklüzivliyin, sabitliyin, sülhün, iqtisadi imkanların, iqlim dayanıqlığının və davamlı şəhər inkişafının təməlidir.

Yurd.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər iclasının yekun bəyanatını səsləndirərkən bildirib.

O qeyd edib ki, bu forum 182 ölkədən 40 mindən çox qeydiyyatdan keçmiş iştirakçını bir araya gətirib və əgər tədbirin təşkilində çalışan və dəstək göstərən bütün insanları da hesablasaq, bu rəqəm 50 mini keçər:

“Biz həmçinin Prezident İlham Əliyevin uzaqgörən liderliyini, eləcə də UN-Habitat və İcraçı direktorun layiqli mənzil və dayanıqlı urbanizasiya üzrə beynəlxalq əməkdaşlıq üçün bu vacib platformanı yaratmaq səylərini yüksək qiymətləndiririk.

Bugünkü müzakirələr göstərdi ki, qarşıdakı onillik sürətləndirilmiş icra, daha güclü tərəfdaşlıqlar və ölçülə bilən nəticələr dövrü olmalıdır.

17 may 2026 | 19:07

WUF13-də gecəqondu məhəllələrin aradan qaldırılması yollarından danışılıb

“Aşağı gəlirli vətəndaş mənzil əldə etmək istədikdə, gəlirinin böyük hissəsini buna sərf etməli olur. Bu isə onun gündəlik həyatdakı digər ehtiyaclarını qarşılamağa imkan vermir. Bu gün mənzil xərcləri orta gəlirli vətəndaşlar üçün belə o qədər yüksəkdir ki, təhsil və səhiyyə kimi digər vacib ehtiyacların ödənilməsini çətinləşdirir. Buna görə də mənzil məsələsində sürətli addımlar atılmalıdır".

Yurd.Media xəbər verir ki, bu barədə Mərakeş Krallığının Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyinin mənzil məsələləri üzrə dövlət katibi Ədib Benbrahim Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində panel sessiyada çıxışında deyib.

O qeyd edib ki, Mərakeş bu problemin fərqindədir və yoxsulluğun azaldılması üçün mənzili əsas vasitələrdən biri hesab edir.

Ölkə mənzil siyasətini ərazi bütövlüyü və sosial ədalət siyasətlərinin milli prioritetinə çevirib. Bu istiqamətdə üç əsas sütun mövcuddur: sosial mənzil tikintisinə dövlət dəstəyi, ümumi hüquqi və institusional çərçivənin təkmilləşdirilməsi, həmçinin aşağı gəlirli insanlar üçün sosial maliyyələşdirmə, xüsusilə də gecəqondu məhəllələrinin aradan qaldırılması.

Bu gün Mərakeşdə “Mənzil və Şəhər İnteqrasiyası üzrə Həmrəylik Fondu” adlı mənzil fondu mühüm rol oynayır və onun sayəsində bir çox gecəqondu məhəllələri ləğv edilib:

“Hazırda şəhərlərin 61 faizi gecəqondusuzdur. Aşağı və orta gəlirli təbəqələr üçün dövlət-özəl tərəfdaşlığı da mühüm nəticələr verib. Sosial mənzil proqramı çərçivəsində 720 min ailə üçün 720 min mənzil təklif olunub. Digər mühüm yenilik isə əvvəlki yanaşmadan fərqli olaraq tikinti şirkətlərinin deyil, birbaşa vətəndaşların dəstəklənməsidir. Vətəndaşlara mənzilin yerləşdiyi əraziyə uyğun olaraq 70 minlə 100 min dirhəm arasında maliyyə dəstəyi verilir ki, bu da mənzilin qiymətinin təxminən üçdəbirini təşkil edir.

Əvvəlki proqramlardan fərqli olaraq, vətəndaşlar yalnız sosial mənzillərin yerləşdiyi ərazilərdə deyil, istədikləri yerdə yaşamaq imkanı əldə edirlər. Bu proqram 2024-cü ilin ortalarında başlayıb və artıq 100 mindən çox insan bundan faydalanıb".

17 may 2026 | 17:38

WUF13: 180-dən çox ölkənin nümayəndələri Bakıda bir araya gəldi - FOTOREPORTAJ

Azərbaycanın paytaxtı Bakı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edir. Bu gün Bakı Olimpiya Stadionunda dünyanın 180-dən artıq ölkəsindən gələn nümayəndələr və qonaqlar qarşılandı.

WUF13 BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Bu gün start götürən və mayın 22-dək davam edəcək sessiya "Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunu əhatə edir.

Aparılan hesablamalara əsasən, indiki əsrin ortalarında dünya əhalisinin üçdə ikisi şəhərlərdə məskunlaşmağa meyl edəcək. Əhalinin böyük şəhərlərdə cəmləşməsi məsələsi hazırda bəşəriyyətin qarşısında duran ən aktual problemlərdən biridir. Bu şəhərlərdə yaşayacaq insanların rahatlığı, onların iaşə, mədəni, məişət və istirahət şəraitinin təmin edilməsi, kommunal xidmətlərin keyfiyyəti, ətraf mühitin mühafizəsi və digər məsələlər ən çox diqqət tələb edən və həll olunması gözlənilən sahələrdir. WUF13 çərçivəsində müxtəlif formatda tədbirlər təşkil ediləcək. Sessiya zamanı bu istiqamətdə bəşəriyyət üçün həlledici əhəmiyyət daşıyan problemlər geniş müzakirəyə çıxarılır.

Mövzu ətrafındakı suallar hər kəsi düşünməyə vadar edir. Məhz buna görə də WUF13-ün keçirildiyi məkana yönələn iştirakçıların bu ünvana tələsməsi tamamilə təbiidir.

Yurd.Media Bakı Olimpiya Stadionunda tədbirin ilk günündən çəkdiyi fotoları diqqətinizə çatdırırıq.

17 may 2026 | 14:06

İlham Əliyev "WUF13" üçün Azərbaycana gələn ali qonaqları qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yurd.Media xəbər verir ki, Məryəm Nəvaz Şərif atasının - Məhəmməd Nəvaz Şərifin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Baş nazirinə və Məhəmməd Nəvaz Şərifə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevlə Məhəmməd Nəvaz Şərif arasındakı dostluq münasibətlərini xatırladı.

WUF13-də iştirak etməkdən məmnun olduğunu söyləyən qonaq buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, tədbirin yüksək səviyyədə təşkil edildiyini və Bakıda şəhərsalma ilə bağlı qlobal məsələlərin müzakirə olunacağını vurğuladı.

Bakının gözəlliyinin onu valeh etdiyini deyən Məryəm Nəvaz Şərif paytaxtımızın mədəniyyət və müasir şəhərsalmanın vəhdətinin gözəl nümunəsi olduğunu qeyd etdi.

Qonaq Bakıya səfəri çərçivəsində müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdiyini, onun xatirəsini hörmət və ehtiramla andığını dedi.

Söhbət zamanı Azərbaycan ilə Pakistan arasında qardaşlıq münasibətlərinin və strateji əlaqələrin inkişafından məmnunluq ifadə edildi, siyasi, iqtisadi, diplomatik, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, regionlararası əməkdaşlığın inkişaf etdiyi vurğulandı, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirildi. Azərbaycanın "ASAN xidmət" təcrübəsinə əsasən Pakistanda da mərkəzlərin yaradıldığı qeyd edildi.

Dövlətimizin başçısı bu gün Azərbaycan-Pakistan əlaqələrinin üçtərəfli - Azərbaycan-Türkiyə-Pakistan formatında da inkişaf etdiyini diqqətə çatdırdı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Esvatini Kralı Əlahəzrət III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yurd.Media xəbər verir ki, Esvatini Kralı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştiraka dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev 180-dən çox ölkənin nümayəndəsinin iştirak etdiyi bu tədbirin dünyada şəhərsalma sahəsində aktual olan müxtəlif mövzuları müzakirə etmək, həmçinin təcrübə mübadiləsi aparmaq üçün çox yaxşı fürsət olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Esvatini arasında ikitərəfli əlaqələrin inkişafı, o cümlədən enerji, mədən sənayesi və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

***

Prezidenti İlham Əliyev bugün Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovu da qəbul edib.

Yurd.Media xəbər verir ki, Deryageldi Orazov Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan Xalq Məsləhətinin Sədrinə çatdırmağı xahiş etdi.

Qonaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqədar təbriklərini çatdırdı.

Dövlətimizin başçısı Füzulidə Türkmənistan tərəfindən məscidin tikilməsi təşəbbüsünə görə bir daha təşəkkürünü bildirdi və hazırda tikintinin davam etdiyini dedi.

İşğal dövründə həmin ərazilərimizin Ermənistan tərəfindən darmadağın edildiyi, şəhərlərin viran qoyulduğu vurğulandı. Hazırda isə orada genişmiqyaslı bərpa işlərinin aparıldığı bildirildi.

Deryageldi Orazov işğaldan azad edilmiş ərazilərimizə yenidən səfər edəcəyini və layihələrlə yerində tanış olacağını dedi.

***

Prezident İlham Əliyev mayın 17-də Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yurd.Media xəbər verir ki, Azərbaycana ilk dəfə səfər etdiyini deyən Keniya Prezidenti WUF13-ə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Uillyam Samoei Ruto WUF-un ilk dəfə Keniyada keçirildiyini deyərək, ölkəsinin BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) da ev sahibliyi etdiyini vurğuladı. Qonaq Keniyada yaşayış məskənlərinin yaradılması üzrə böyük miqyasda layihələrin həyata keçirildiyini qeyd etdi.

Əlaqələrimizin dinamik surətdə inkişafından məmnunluğunu bildirən Uillyam Samoei Ruto Azərbaycan Prezidentini Keniyaya rəsmi səfərə dəvət etdi.

Dəvəti məmnunluqla qəbul edən dövlətimizin başçısı öz növbəsində Keniya Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etdi.

Keniya Prezidenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında dövlətimizin başçısının nümayiş etdirdiyi liderliyə görə təbriklərini çatdırdı.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev sülh gündəliyinin daha da gücləndirilməsi və regionda davamlı sülhün yaradılması istiqamətində Azərbaycanın səyləri davam etdirdiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Keniya arasında enerji, müdafiə sənayesi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu bildirildi, son dövrlərdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrimizin inkişafında müsbət rolu qeyd edildi.

17 may 2026 | 13:22

WUF13-ün ilk günündə nazirlər səviyyəsində görüş keçirilib

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) ilk günü yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş keçirilib.

Yurd.Media xəbər verir ki, proqramın 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi üçün əhəmiyyətli imkan yaradacaq.

Proqramın üç transformativ öhdəliyi - sosial inteqrasiya və yoxsulluğun aradan qaldırılması, ortaq rifah və ətraf mühitin davamlılığı üzərində qurulmuş görüşdə mənzil təminatı həm insan hüququ, həm də iqtisadi imkanlar, dayanıqlıq və iqlim tədbirləri üçün katalizator kimi vurğulanır.

Qlobal öhdəliklərə baxmayaraq, milyardlarla insan üçün adekvat mənzilə çıxış əlçatan deyil və bərabərsizliklər qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan marjinal qruplara və insanlara qeyri-mütənasib şəkildə təsir göstərir. Eyni zamanda, iqlim dəyişikliyi, şəhərləşmə təzyiqləri və geosiyasi böhranlar dünya miqyasında mənzil problemlərini daha da artırır.

Görüşün məqsədi proqrama qlobal öhdəliyi yenidən canlandırmaq, mənzil məsələsini siyasət fəaliyyətinin mərkəzinə qoymaq və 2036-cı ilə doğru tətbiq yollarını sürətləndirməkdir. Bu, həmçinin qlobal şəhər siyasəti müzakirələrinin formalaşdırılmasına və mənzil, iqlim tədbirləri və davamlı inkişafı birləşdirən inteqrasiya olunmuş həllərin irəli sürülməsinə töhfə verəcək.

17 may 2026 | 12:38

Hər il Ümumdünya Şəhərsalma Forumunda "Bakı mükafatı" təqdim olunacaq

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı "Baku Urban Award" adlı mükafat yaradılıb.

Yurd.Media xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu ildən etibarən təsis edilib:

“Bundan sonra keçiriləcək hər forumda Bakının adı ilə bağlı bu mükafatın təqdimetmə mərasimi olacaq".

17 may 2026 | 09:13

Bakıda WUF13 start götürüb

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlayıb.

Yurd.Media xəbər verir ki, tədbir məkanı kimi Bakı Olimpiya Stadionu seçilib.

Mayın 22-dək davam edəcək forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.

Bakının ev sahibliyi etdiyi WUF13 dünyanın diqqətini bir daha Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur. 182 ölkədən 40 000 nəfərdən çox iştirakçının qeydiyyatdan keçməsi forum tarixində rekord göstərici kimi qiymətləndirilir. Bu isə tədbirin qlobal miqyasda artan nüfuzunu və Azərbaycana beynəlxalq marağın yüksək olduğunun sübutudur.

Forum çərçivəsində dayanıqlı şəhərsalma, iqlim dəyişiklikləri, urbanizasiya, əlçatan yaşayış, rəqəmsal transformasiya və "yaşıl şəhər" modelləri ilə bağlı müzakirələr aparılacaq. WUF13 həm də müxtəlif ölkələrin dövlət rəsmilərini, şəhər rəhbərlərini, beynəlxalq təşkilatları, ekspertləri, investorları və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən mühüm dialoq platforması olacaq.

Tədbirdə Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələri xüsusi diqqət mərkəzində olacaq. İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, həmçinin bölgənin "yaşıl enerji zonası"na çevrilməsi istiqamətində görülən işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl model kimi beynəlxalq ictimaiyyətə təqdim ediləcək.

WUF13 Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində artan təcrübəsini və ölkənin qlobal əməkdaşlıq platformalarındakı rolunu bir daha nümayiş etdirəcək. Forumun Bakıda keçirilməsi həm ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi, həm də Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində həyata keçirdiyi siyasətin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək.

Qeyd edək ki, WUF13 forum tarixində ilk dəfə olaraq Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi ilə də fərqlənir. Bu yenilik tədbirin siyasi və strateji əhəmiyyətini daha da artırır.