Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yurd.Media xəbər verir ki, Məryəm Nəvaz Şərif atasının - Məhəmməd Nəvaz Şərifin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Baş nazirinə və Məhəmməd Nəvaz Şərifə çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevlə Məhəmməd Nəvaz Şərif arasındakı dostluq münasibətlərini xatırladı.
WUF13-də iştirak etməkdən məmnun olduğunu söyləyən qonaq buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, tədbirin yüksək səviyyədə təşkil edildiyini və Bakıda şəhərsalma ilə bağlı qlobal məsələlərin müzakirə olunacağını vurğuladı.
Bakının gözəlliyinin onu valeh etdiyini deyən Məryəm Nəvaz Şərif paytaxtımızın mədəniyyət və müasir şəhərsalmanın vəhdətinin gözəl nümunəsi olduğunu qeyd etdi.
Qonaq Bakıya səfəri çərçivəsində müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdiyini, onun xatirəsini hörmət və ehtiramla andığını dedi.
Söhbət zamanı Azərbaycan ilə Pakistan arasında qardaşlıq münasibətlərinin və strateji əlaqələrin inkişafından məmnunluq ifadə edildi, siyasi, iqtisadi, diplomatik, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, regionlararası əməkdaşlığın inkişaf etdiyi vurğulandı, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirildi. Azərbaycanın "ASAN xidmət" təcrübəsinə əsasən Pakistanda da mərkəzlərin yaradıldığı qeyd edildi.
Dövlətimizin başçısı bu gün Azərbaycan-Pakistan əlaqələrinin üçtərəfli - Azərbaycan-Türkiyə-Pakistan formatında da inkişaf etdiyini diqqətə çatdırdı.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Esvatini Kralı Əlahəzrət III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Yurd.Media xəbər verir ki, Esvatini Kralı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştiraka dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev 180-dən çox ölkənin nümayəndəsinin iştirak etdiyi bu tədbirin dünyada şəhərsalma sahəsində aktual olan müxtəlif mövzuları müzakirə etmək, həmçinin təcrübə mübadiləsi aparmaq üçün çox yaxşı fürsət olduğunu dedi.
Görüşdə Azərbaycan ilə Esvatini arasında ikitərəfli əlaqələrin inkişafı, o cümlədən enerji, mədən sənayesi və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

***
Prezidenti İlham Əliyev bugün Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovu da qəbul edib.
Yurd.Media xəbər verir ki, Deryageldi Orazov Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan Xalq Məsləhətinin Sədrinə çatdırmağı xahiş etdi.
Qonaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqədar təbriklərini çatdırdı.
Dövlətimizin başçısı Füzulidə Türkmənistan tərəfindən məscidin tikilməsi təşəbbüsünə görə bir daha təşəkkürünü bildirdi və hazırda tikintinin davam etdiyini dedi.
İşğal dövründə həmin ərazilərimizin Ermənistan tərəfindən darmadağın edildiyi, şəhərlərin viran qoyulduğu vurğulandı. Hazırda isə orada genişmiqyaslı bərpa işlərinin aparıldığı bildirildi.
Deryageldi Orazov işğaldan azad edilmiş ərazilərimizə yenidən səfər edəcəyini və layihələrlə yerində tanış olacağını dedi.

***
Prezident İlham Əliyev mayın 17-də Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Yurd.Media xəbər verir ki, Azərbaycana ilk dəfə səfər etdiyini deyən Keniya Prezidenti WUF13-ə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Uillyam Samoei Ruto WUF-un ilk dəfə Keniyada keçirildiyini deyərək, ölkəsinin BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) da ev sahibliyi etdiyini vurğuladı. Qonaq Keniyada yaşayış məskənlərinin yaradılması üzrə böyük miqyasda layihələrin həyata keçirildiyini qeyd etdi.
Əlaqələrimizin dinamik surətdə inkişafından məmnunluğunu bildirən Uillyam Samoei Ruto Azərbaycan Prezidentini Keniyaya rəsmi səfərə dəvət etdi.
Dəvəti məmnunluqla qəbul edən dövlətimizin başçısı öz növbəsində Keniya Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etdi.
Keniya Prezidenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında dövlətimizin başçısının nümayiş etdirdiyi liderliyə görə təbriklərini çatdırdı.
Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev sülh gündəliyinin daha da gücləndirilməsi və regionda davamlı sülhün yaradılması istiqamətində Azərbaycanın səyləri davam etdirdiyini vurğuladı.
Görüşdə Azərbaycan ilə Keniya arasında enerji, müdafiə sənayesi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu bildirildi, son dövrlərdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrimizin inkişafında müsbət rolu qeyd edildi.
