"Qəbələ" futbol klubu Azərbaycan çempionatı çərçivəsində "Karvan-Yevlax" üzərində əzmkar qələbə qazanıb.
Yurd.Media xəbər verir ki, Premyer Liqanın 32-ci turunda Yevlax şəhər stadionunda baş tutan görüş Qəbələ təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərindən 54-cü dəqiqədə Olavale Doyeni fərqlənib. "Qəbələ"nin heyətində isə İbrahim Sanqare (56) və Domi Massumo (67) rəqib qapısına yol tapıb.
Bu nəticədən sonra "Qəbələ" 24 xalla 11-ci yerdədir. 14 xala malik Yevlax təmsilçisi isə sonuncu - 12-cidir.
Günün ikinci oyununda "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gəlib.
"SOCAR Polymer Arena"da baş tutan matç Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Patrik Andrade (36) və Ramon Maçado (76) vurublar.
Bu nəticədən sonra "Araz-Naxçıvan" 43 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 27 xala malik "Kəpəz" isə 10-cudur.
Qeyd edək ki, XXXII tura mayın 17-də yekun vurulacaq.