Bakıda tələbələrin idmana marağının artırılması və kəndirlə mübarizə idman növünün inkişafı müzakirə olunub.
Yurd.Media xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı tələbələrin müxtəlif yarışlarda iştirakının təmin edilməsi və bu istiqamətdə birgə fəaliyyət məsələləri müzakirə olunub.
Həmçinin tələbələrin idmana marağının artırılması, kəndirlə mübarizə idman növünün inkişafı və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Tədbir çərçivəsində idmanın inkişafına göstərilən dəstəyə görə Mərkəzin direktoru Kənan Bağırov və fiziki tərbiyə rəhbəri Fərid İmanzadə Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.
Mərkəzin direktoru Kənan Bağırov bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparılır və tələbələrin idmana cəlbinə xüsusi diqqət yetirilir. O qeyd edib ki, mərkəzin komandaları respublika yarışlarında mütəmadi iştirak edir.
Direktor əlavə edib ki, Peşə Təhsil Mərkəzinin kəndirlə mübarizə komandası “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş Bakı şəhər və ölkə çempionatında ikinci yerə layiq görülüb.
Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin prezidenti Elnur Şıxəliyev isə gənclər arasında idman mədəniyyətinin formalaşdırılması və düzgün qidalanmanın əhəmiyyətindən danışıb. O, mərkəzdə idmana göstərilən diqqəti və tələbələrin uğurlarını yüksək qiymətləndirib.Görüşün sonunda qonaqlar Mərkəzin infrastrukturu, o cümlədən idman zalı, laboratoriyalar, emalatxanalar və sinif otaqları ilə tanış olub, tədris prosesini izləyiblər.