Baş məşqçilər Röyal Nəcəfov və Ramiz Məmmədov Xankəndidəki oyunla bağlı fikirlərini bölüşüblər.
"Xankəndi" komandasının baş məşqçisi Röyal Nəcəfov oyundan sonra təşkil olunan mətbuat konfransında deyib ki, komandası oyuna yaxşı hazırlaşmışdı, lakin fərdi səhvlər həlledici oldu.
O, futbolçularına sonadək mübarizə apardıqları üçün təşəkkür edib:
"İlk 15-20 dəqiqədə hava şəraiti rəqib oyunçulara təsir edə bilərdi. Biz iki gün əvvəl şəhərə gəlmişik. Ona görə də uyğunlaşma var idi. Komandamızda əsas problem eyni üslubunda oynayan futbolçuların çox olmasıdır. Hədəfimiz bu il liqada yerimizi qoruyub, gələn mövsüm çempionluq uğrunda mübarizə aparmaqdır. Qışda heyətdə dəyişiklik olacaq. Çalışırıq ki, Xankəndi rəqiblər üçün çətin səfər olsun".
Röyal Nəcəfov"Karvan-Yevlax" komandasının baş məşqçisi
Ramiz Məmmədov"Şükürlər olsun ki, əsaslı təmirdən sonra yenidən Xankəndi şəhərində futbol matçı keçirildi. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirik. Vətən uğrunda canından keçən şəhidlərə rəhmət diləyirik".
O, komandanın gec yığılmasına baxmayaraq, yaxşı oyun nümayiş etdirdiklərini bildirib: "Düşünürəm ki, hava şəraiti də futbolçulara təsir etdi. Çünki Xankəndi yüksək yerdə yerləşir. Buna görə də futbolçularda sanki boğulma var idi".
Mütəxəssis bu mövsüm əsas hədəflərinin Premyer Liqaya yüksəlmək olduğunu bildirib: "Bunun üçün rəhbərlik də əlindən gələni edir".
Qeyd edək ki, Xankəndi stadionunda keçirilən "Xankəndi" - "Karvan-Yevlax" oyunu qonaq komandanın 2:0 hesablı qələbəsi ilə bitib.