“Sportnet.az” idman saytının fəaliyyətə başlamasından 12 il ötür. Yarandığı gündən bəri idman mətbuatında özünəməxsus xətti olan platforma bu illər ərzində fərqli inkişaf mərhələlərindən keçib. Saytın yubileyi münasibətilə onun təsisçisi və baş redaktoru, hazırda Respublika Şahmat Mərkəzinin direktoru kimi fəaliyyət göstərən Elşən Məmmədov Yurd.Media ilə söhbətində rəhbərlik etdiyi media platformasının yaranma tarixindən, idman mediasının mövcud çətinliklərindən və qarşıdakı hədəflərindən danışdı.
— Sportnet.az-ı yaratmaq ideyası necə yarandı?
—Bu ideya uzun müddət gündəmdə olsa da, gerçəkləşməsi 15 ilədək vaxt apardı. 1999-cu ildə jurnalistikaya başlayarkən bir müddət iki qəzetdə paralel çalışırdım. “Futbol+” üçün əsasən yerli xəbər və yazılar hazırlayırdım, “Şərq” qəzetinin rəhbərliyi isə daha çox xarici futbol və beynəlxalq idman xəbərlərinə fokuslanmağı tələb edirdi. O dövrdə Azərbaycan idmanı indiki səviyyədə inkişaf etməmişdi və biz daha çox xarici futbolu izləyir, internet mənbələrindən – əsasən Türkiyə və Rusiya saytlarından informasiya götürürdük. Bu proses məni bir növ universal jurnalist kimi formalaşdırdı.
2000-ci illərin əvvəllərində “Şərq” qəzetində çalışdığım dövrdə idman saytı yaratmaq ideyası da gündəmə gəlmişdi və bu istiqamətdə müəyyən müzakirələr aparılmışdı, amma o layihə reallaşmadı. Daha sonra “APA-Sport” agentliyində çalışdım və orada idman xəbərçiliyi və sayt idarəçiliyinin praktiki tərəflərini daha yaxından öyrəndim.
Uzun illər bu sahədə təcrübə topladıqdan sonra artıq belə bir media platformasını özüm yaratmaq fikri formalaşdı və bu ideya sonradan Sportnet.az-ın yaradılmasına gətirib çıxardı.
— 2014-cü ildə idman mediasında hansı boşluğu gördünüz ki, bu layihəyə başladınız?
—Sportnet.az saytı yaradılanadək də, fəaliyyət göstərdiyi dövrdə də, bu gün də yeni idman saytlarının yaranması prosesi davam edir. Mən isə o vaxt daha çox ictimai-siyasi yönümlü media orqanlarında çalışdığım üçün idman jurnalistikasında təşkilatlanma və koordinasiya məsələlərinə daha çox ehtiyac hiss edirdim. Çünki həmin vaxt idman jurnalistlərini bir araya gətirməli olan qurumun fəaliyyəti demək olar ki, gözə dəymirdi. Buna görə də 2012-ci il mayın 5-də İdman Araşdırmalar Mərkəzi adlı təşkilat yaratdıq.
Bu təşkilat vasitəsilə bir sıra uğurlu layihələr həyata keçirdikdən sonra gördük ki, artıq müstəqil fəaliyyət göstərən idman media platformasına ehtiyac yaranır. Buna görə də həmin vaxt çalışdığım Lent.az-dan öz istəyimlə ayrıldım və kiçik kollektivlə birlikdə Sportnet.az saytını yaratdıq. Hətta indinin özündə də əksər idman saytları ofis rejimində fəaliyyət göstərmirlər. Amma biz hələ həmin vaxt ofis icarəyə götürərək, çalışırdıq.

— Sizcə Azərbaycan idman mediasının əsas problemi nədir?
—İdman jurnalistlərimizin əksəriyyətini yaxından tanıyıram, həm özümüzün, həm də müxtəlif qurumların təşkil etdiyi tədbirlərdə dəfələrlə bir araya gəlmişik. Əksəriyyəti zəhmətkeş, sağlam düşüncəli və yüksək mənəvi keyfiyyətlərə malik insanlardır. Çalışdıqları media orqanları da rəqabət mühitində öz yerlərini qoruyur.
Zatən bu sahənin özünün çətinlikləri göz qabağındadır. İdman jurnalistikasında nə şənbə-bazar, nə bayram günləri, nə də iş saatı anlayışı var. Məhdud imkanlar və kiçik komandalarla 7/24 rejimində çalışan bir sahədən söhbət gedir. Harada bir araya gəlsələr, əsas mövzu yenə idman və futbol olur. Bu baxımdan onların fədakarlığını xüsusi qeyd etmək lazımdır.
Əsas çətinliklərdən birinin maliyyə tərəfi olduğunu düşünürəm. Düzdür, son illərdə Medianın İnkişafı Agentliyi (MEDİA) vasitəsilə bir sıra idman saytlarına dəstək göstərilir və bu, müsbət bir addımdır. Bu prosesin də müəyyən bir yaranma və inkişaf mərhələsi var.
- O mərhələ barədə daha detallı danışa bilərsinizmi?
2020-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən təltif olunduğumuz dövr pandemiya şəraitinə təsadüf etdiyi üçün mükafatların təqdimatı mövcud qaydalara uyğun, dəvət əsasında həyata keçirilirdi. MEDİA-nın icraçı direktoru hörmətli Əhməd İsmayılov medalların təqdimatı zamanı bizimlə söhbət aparır, biz də fəaliyyətimiz və ümumi media mühiti ilə bağlı fikirlərimizi bölüşürdük.
Həm həmin görüşdə, həm də Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi çərçivəsində keçirilən müzakirələrdə idman mediasının inkişafı və onun daha sistemli şəkildə dəyərləndirilməsi ilə bağlı fikirlərimizi bildirirdik. Bizim yanaşmamız ondan ibarət idi ki, idman ölkədə geniş inkişaf etdiyi və dövlət səviyyəsində böyük diqqət gördüyü bir şəraitdə, idman mediasının da bu proseslə paralel şəkildə inkişaf etməsi vacibdir. Bu, ümumi informasiya və təbliğat mühitinin daha səmərəli formalaşmasına xidmət edir. Sevindirici haldır ki, bu istiqamətdə müəyyən irəliləyişlər var və artıq media dəstəyi alan qurumlar arasında idman saytlarının da yer alması müsbət bir addımdır.
Digər bir məsələ isə idman mediasının klublar və federasiyalarla əməkdaşlıq zamanı müəyyən təsir riskləri ilə üzləşməsi ilə bağlıdır. Bu halı zaman-zaman müşahidə etmək olur və açığı, təkcə idman mediasına yox, ümumilikdə ictimai-siyasi mediaya da aid olan bir vəziyyətdir. Yəni bu, yalnız idman jurnalistikasına xas problem deyil, daha geniş media mühitinin ümumi xarakteridir.

—Bugünkü Sportnet.az ilə 2014-cü ilin Sportnet.az-ı arasında əsas fərq nədir?
—Sportnet.az-ın 12 illik fəaliyyəti enişli-yoxuşlu dövrlərlə müşayiət olunub. Bu prosesi müəyyən mənada Xankəndidə yeni başa çatan velosiped yarışı ilə müqayisə etmək olar — uzun və çətin marşrut, amma sonunda davamlılıq və nəticə var.
Sayt fəaliyyətə başladığı dövrdə əməkdaşlıq, ofis və ümumilikdə iş üçün kifayət qədər yaxşı şərait mövcud idi. Daha sonra “Report” İnformasiya Agentliyində çalışmağa başladım və paralel olaraq İdman Araşdırmalar Mərkəzinin layihələrinə də diqqət ayırdım. O dövrdə “Report”un baş redaktoru olan Murad Əliyev vəziyyəti anlayışla qarşılayırdı və bu iki işi bir-birinə qarışdırmadan davam etdirməyimizə şərait yaradırdı. Mən də hər zaman "Sportnet.az"-ın fəaliyyətini “Report”un iş prosesinə daxil etmirdim — sayt ayrıca bir media platforması kimi öz xətti ilə işləyirdi.
Oxşar vəziyyət Qusar Olimpiya İdman Kompleksinə rəhbərlik etdiyim dövrdə də yaşandı. Təbii ki, bu mərhələdə "Sportnet.az"ın işində müəyyən fasilələr və yavaşlamalar oldu. Amma eyni zamanda bu dövr mənə geniş əlaqələr, təşkilatçılıq təcrübəsi və fərqli idarəçilik bacarıqları qazandırdı. Buna görə rəhbərliyə də minnətdaram.
Son iki ildə isə "Sportnet.az"ın fəaliyyətində yenidən canlanma müşahidə olunur. Artıq sosial şəbəkə platformaları aktivdir, analitik və tənqidi yazılar hazırlanır, eksklüziv xəbər və müsahibələr dərc olunur, həm ölkədaxili, həm də beynəlxalq yarış və tədbirlər yerində işıqlandırılır.
—Sportnet.az-ın qarşıdakı illərlə bağlı əsas hədəfi nədir?
—Jurnalistika bir peşədir və harada çalışmağından asılı olmayaraq insan onu özü ilə daşıyır. Mən də 4 ildir ki, idmanın praktiki sahəsində fəaliyyət göstərirəm və hazırda Respublika Şahmat Mərkəzinin direktoru kimi çalışıram. Həmkarlarım arasında isə ayrı-ayrı idman növləri üzrə idmançılar, məşqçilər, hakimlər və müxtəlif federasiya və idman qurumları ilə əməkdaşlıq edən mütəxəssislər də var. Bu da iş mühitinin daha geniş və çoxşaxəli olmasına imkan yaradır.
"Sportnet.az"a gəlincə, əsas hədəfimiz onun daha sabit, peşəkar və davamlı inkişaf edən media platformasına çevrilməsidir. İstəyimiz odur ki, sayt müəyyən mərhələyə çatdıqdan sonra artıq gündəlik fəaliyyətinə minimum müdaxilə ilə, öz peşəkar komandası ilə tam müstəqil şəkildə işləyə bilsin.
Eyni zamanda əsas prioritetimiz gənc jurnalistlərin yetişdirilməsi və idman mediasının incəliklərini bilən kadr bazasının formalaşdırılmasıdır. Biz istəyirik ki, Sportnet.az yalnız xəbər platforması olmasın, həm də peşəkar idman jurnalistlərinin formalaşdığı bir məktəb funksiyasını daşısın.
Ümumilikdə hədəfimiz odur ki, sayt həm məzmun, həm də peşəkarlıq baxımından daha yüksək səviyyəyə qalxsın və sabit inkişaf xətti qursun.
Yurd.Media saytının bütün kollektivi adından "Sportnet.az" da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!