SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“Sea Breeze”də tikinti aparan şirkət yenə valyuta əməliyyatlarına görə cərimələndi

“Sea Breeze”də tikinti aparan şirkət yenə valyuta əməliyyatlarına görə cərimələndi

  • 17 noyabr 2026, 11:13

“Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binaları tikdirən “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində daha iki inzibati icraat üzrə məhkəmə başa çatıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Nardaran İnvest” MMC tərəfindən 58 612 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Nardaran İnvest” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 11 722 ABŞ dolları məbləğində cərimə edilib. 

Bundan başqa, Mərkəzi Bank tərəfindən “Nardaran İnvest” MMC barəsində Sabunçu Rayon Məhkəməsinə protokol göndərilib. 

Protokola əsasən, MMC tərəfindən 58,6 min ABŞ dolları məbləğində vəsaiti 2024-cü ildə xaricə köçürüb. Amma 2 il müddət keçsə də, həmin məbləğin 32,9 min ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal edilməyib. 

Buna görə də MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə yazılan protokola məhkəmədə baxılıb. 

Məhkəmənin qərarı ilə inzibati xətanın obyekti olmuş valyuta vəsaitin 20 faizi miqdarında, yəni 6573 ABŞ dolları cərimə edilib. 

Qeyd edək ki, bundan əvvəl “Nardaran İnvest” MMC valyuta qaydalarının pozuntusuna görə analoji cərimələr bu ilin may və avqust aylarında da tərtib olunmuşdu.

Daha əvvəl isə “Nardaran İnvest” MMC İnzibati Xətalar Məcəlləsinin 469-1-ci (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi) maddəsi ilə protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 5 min manat cərimə edilib.

Skat.az - Ev və Avtomobil elanları