“Azinvest İnşaat” Qapalı Səhmdar Cəmiyyəti (QSC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə, “Azinvest İnşaat” QSC-nin mülkiyyətində olan “Chevrolet Niva 2123 Minik” markalı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməyib.
Bununla da, “Azinvest İnşaat” QSC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə “Azinvest İnşaat” QSC 300 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, ictimai və sənaye binalarının tikintisi, təmiri və yenidən qurulması üzrə ixtisaslaşmış “Azinvest İnşaat” 2018-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 2 min manat olan şirkətin direktoru Anar Seyidməmmədovdur.