“Grabstar” mağazalar şəbəkəsi əmək qanunvericiliyinin pozulmasında ittiham olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi mağazalar şəbəkəsinin direktoru barəsində protokol tərtib edırık onu 3 min manat cərimələyib.
Buna səbəb “Grabstar”ın satış üzrə məsləhətçi vəzifəsində işləyən şəxslə bağlanmış əmək müqaviləyə qanunsuz xitam verməsi olub.
Mağazalar şəbəkəsinin rəhbərliyinin Binəqədi Rayon Məhkəməsində müraciətindən sonra qərar qismən ləğv edilib və yenidən baxılması üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.
Bu səbəbdən də “Grabstar” mağazalar şəbəkəsi əmək qanunvericiliyinin pozması ilə bağlı iş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsində yenidən araşdırılacaq.
Qeyd edək ki, “Grabstar” ərzaq və şirniyyat mağazalar şəbəkəsinin əvvəlki sahibi "MAPLE TRADING" MMC və onun qanuni təmsilçisi iş adamı Məmmədov Anar Zakir oğlu olub. O, mağazalar şəbəkəsini satdıqdan sonra şirkətini də bağlayıb. MMC məxsus mağazalar şəbəkəsi yeni yaradılan "Grand Novatra" MMC-yə keçib. Məlumata əsasən, Anar Məmmədovun şirkəti bağlamasından sonra xeyli sayda işçi onun qanunsuz əməlləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edib. Qeyd edək ki, 25 avqust 2025-ci il tarixində dövlət qeydiyyatına alınan "Grand Novatra" MMC ləğv edilmiş "MAPLE TRADING" MMC ilə eyni ünvanda – AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 191, mənzil 26-da yerləşir. Yeni yaradılan "Grand Novatra” MMC-nin qanuni təmsilçisi Qürbət Əliyev Əlimeyran oğludur.