Əsas səhmdarı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov olan “Premium Bank” ASC-yə yeni sədr təyin olunub.
Yurd.Media "Marja.az"a istinadən xəbər verir ki, Bankın Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Fərhad Baxşəliyev Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Fərhad Baxşəliyev 6 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İnzibati idarəetmə” fakültəsində “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə Magistr dərəcəsi ilə tamamlayıb.
Peşəkar fəaliyyətinin böyük hissəsini Azərbaycan Mərkəzi Bankında keçirən Fərhad Baxşəliyev 13 ildən artıq müddətdə qurumda müxtəlif vəzifələrdə çalışıb. 2016-cı ildən “Premium Bank”da Audit Komitəsinin sədri, 2023-cü ilin dekabr ayından isə həm də Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərib.

Qeyd edək ki, “Premium Bank” 1994-cü ildən fəaliyyət göstərir və Bankın nizamnamə kapitalı 174,6 milyon manat təşkil edir.
“Premium Bank” ASC-nin səhmdarları “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC (15.22%), Zərifə Həmzəyeva (84.47% - bu ilin yanvarında Bankın əsas səhmdar Zərifə Həmzəyeva vəfat etdikdən sonra nizamnaməyə əsasən onun səhmləri Cahangir Əsgərova (həyat yoldaşı) ötürülüb) və Elvira Əhmədovadır (0.31%).
Qeyd edək ki, "Premium Bank"ın İdarə Heyətinin sədri Kamil Lətifov ötən həftə işindən azad olunmuşdu.