Türkiyədə kiçik mağazaların və yerli sahibkarların qorunması məqsədi ilə bazar günləri supermarketlərin bağlanması təklif olunur. Bildirilir ki, supermarket şəbəkələri ucuz qiymətlər və geniş çeşidlə kiçik dükanların müştərisini əlindən alır. Bu cür məhdudiyyətlərlə müştərinin kiçik mağazalara yönləndirilməsi hədəflənir.
Azərbaycanda da son illər iri supermarket şəbəkələri genişlənir, kiçik ərzaq dükanları isə müştəri itirir.
Qida eksperti Fərid Səfərov Yurd.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda da bazar günləri iri supermaketlərin bağlı olması kiçik sahibkarların dəstəklənməsinə, insanların həmin gün məhəllə mağazalarına üz tutmasına, kiçik dükanların ayaqda qalması ilə iş yerlərinin qorunmasına kömək edər.
Eyni zamanda bunun çatışmazlığı kimi istehlakçı üçün məhdudiyyət olacağını bildirib:
"Böyük supermarketlərdə seçim çox və qiymətlər nisbətən ucuzdur. İstehlakçılar bazar günü bu fürsətdən məhrum olar. Qara bazar və qeyri-rəsmi satış yaranar. İnsanlar alternativ yollar axtararaq qiymətlərin artmasına səbəb ola bilər".
O, prosesin tətbiq olunma mexanizmi haqqında da məluma verib:
"Azərbaycanda bu daha çox yumşaq tənzimləmə formasında ola bilər.
- Qismən məhdudiyyət: tam bağlamaq əvəzinə, bazar günləri böyük supermarketlərin iş saatları azaldıla bilər.
- Vergi və icarə güzəştləri: kiçik mağazalara əlavə güzəştlər verilməklə rəqabət imkanları gücləndirilə bilər.
- Əhalini kiçik dükanlardan alış-verişə təşviq edən sosial proqramlar həyata keçirilə bilər.
- Bölgələrdə tətbiq oluna bilər: iri şəhərlərdə deyil, kənd və rayon mərkəzlərində daha effektli ola bilər.
Ekspert vurğulayıb ki, Azərbaycan reallığında tam bağlamaqdansa, daha çox düzgün tənzimlənmiş mexanizmlərlə balans yaratmaq məqsədəuyğundur.
Qeyd edək ki, Yurd.Media Azərbaycnın aparıcı supermarket şəbəkələrindəki qiymətlərin araşdırmasını həyata keçirir, ərzaq məhsullarının müqayisəli qiymətlərini təqdim edir.