Növbəti 4 ildə yalnız regionlarda fəaliyyət göstərən iş adamları təminat və faiz subsidiyası mexanizmlərindən faydalana biləcəklər.
Yurd.Media xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı fərmanla İpoteka və Kredit Zəmanət Fondunun sahibkarların manatla aldığı kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-yə ötürülüb.
"Bundan da mühüm dəyişiklik isə odur ki, 2030-cu ilin sonuna qədər biznes kreditlərinə dövlət dəstəyi pilot layihə kimi Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla ölkənin digər ərazilərində tətbiq ediləcək.
Başqa sözlə, yalnız regionlarda fəaliyyət göstərən, eyni zamanda aldığı kreditlərin illik faiz dərəcəsi 13%-dən çox olmayan iş adamları təminat və faiz subsidiyası mexanizmlərindən faydalana biləcəklər. Kreditlərə hesablanmış faizlərin 50%-ni dövlət ödəyəcək", - deyə ekspert vurğulayıb.