SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bir fincan qəhvəyə sığan BÖYÜK DÜNYA

Bir fincan qəhvəyə sığan BÖYÜK DÜNYA

  • 02 may 2026, 12:52

Bizim sadəcə bir Dünyamız var. Müharibələrlə sarsılan, insanın öz əli ilə yaratdığı təhlükələrlə dolu bu böyük Dünyanın içində isə hər birimizin ayrıca, kiçik dünyası mövcuddur. Hər kəsin öz qorxuları, ümidləri, xəyalları, sınanmış və hələ addım atılmamış yolları var. Bəzən bu yollar kəsişir, bəzən ayrılır, bəzən isə bir-birimizin varlığını belə hiss etmədən yanımızdan ötüb keçir.

Amma bütün bu fərdi dünyaların içində elə bir dünya var ki, o, digərlərindən tamamilə fərqlənir — hissləri daha dərin, duyumları daha saf olan autizm spektri pozuntusu olan uşaqların və gənclərin dünyası.

Bu dünya səs-küylü qaydalarla, yarışla, süni rollarla yaşamır. O, daxili ahənglə nəfəs alır, dürüst hisslərlə mövcuddur. Burada baxışlar daha çox danışır, toxunuşlar sözləri əvəz edir, səssizlik isə boşluq deyil — məna daşıyır. Saflığı ilə bütün münasibətlərdən seçilən bu dünya, əslində, bizim itirdiyimiz sadəliyin, unudulmuş mərhəmətin güzgüsüdür.

Autizmli uşaqlar və gənclər dünyanı bizim alışdığımız kimi deyil, olduğu kimi hiss edirlər. Onlar üçün həyat rola girmək deyil, həqiqəti yaşamaqdır. Cavab verərkən “necə səslənər”, “mənə nə qazandırar” deyə düşünmürlər — mahiyyəti olduğu kimi ifadə edirlər. Elə buna görə də onlara “Nə edirsən?” sualı verəndə cavab çox sadə və bir o qədər də sarsıdıcı dərəcədə dürüst olur: “Səninlə danışıram.”

Bəlkə də məhz buna görə bu dünya daha kövrəkdir — çünki anlaşılmadıqca qapanır. Amma eyni zamanda son dərəcə güclüdür. Doğru yanaşma, anlayış və sevgi ilə bu dünyanın içindən misilsiz bacarıqlar, yaradıcı potensial və insanı heyrətləndirən dərinliklər üzə çıxır.

Bu gənclərin paklığı hər bir insanın içindəki ən təmiz hissləri oyadır. Deyirlər ki, uşaqlar cəmiyyətin güzgüsüdür. Bu uşaqlar isə bizim üçün bəzən utopik görünən bir cəmiyyətin güzgüsüdür. Onlar haqqında ailədən qaçaraq hansısa evin hamamında "dəm qazından boğuldular" kimi xəbərlər heç vaxt eşitməzsiniz, mənfəət naminə tapdalanan dəyərlər, karyera xatirinə itirilən vicdan hekayələri bu dünyanın bir parçası deyil.

Bu dünyaya daxil olmaq üçün xüsusi açar, xüsusi təlim lazım deyil. Buraya gedən yol anlamaqdan, dinləməkdən və ən əsası, qəbul etməkdən keçir. Çünki bu dünya yazıq baxışlar yox, hörmət, bərabərlik və səmimi maraq gözləyir.

Bəlkə də dünyanı dəyişmək üçün yeni planetlər kəşf etməyə ehtiyac yoxdur. Bəlkə də dəyişməli olduğumuz tək şey, yanımızda olan — amma çox vaxt görmədiyimiz bu xüsusi dünyaya baxışımızdır.

Bakının göyü dələn binalarla əhatələnmiş mərkəzində bu dünyanın kiçik, amma çox mənalı modeli yaradılıb — “Kashalata” kafesi. Azərbaycanda xüsusi inkişaf özəlliyi olan gənclərin çalışdığı inklüziv bir məkan.

Yurd.Media əməkdaşları hələ aylar əvvəl bu məkandan reportaj hazırlasa da mən özüm ilk dəfə ziyarətinə gəldim. Buraya daxil olan kimi anlayırsan ki, bu, sadəcə kafe deyil. Səmimiyyət və mehribanlıq hər detalda hiss olunur. Autizm və daun sindromlu gənclər üçün “Kashalata” iş yerindən daha artıqdır — bu, həyata bağlanmaq, özünü faydalı hiss etmək, bacardığını sübut etmək məkanıdır. Onlar burada yemək və içki təqdim etməklə yanaşı, bişirməyi, hazırlamağı, məsuliyyət daşımağı, kollektivdə işləməyi öyrənirlər.

Qəhvə hazırlayan baristanın diqqəti, salat düzəldən gəncin səbrlə gördüyü iş bu məkanın ruhunu yaradır. Burada qəribə bir sükut var — qorxudan yox, anlayışdan doğan sükut. Heç kim tələsmir, heç kim tənqid etmir. Əksinə, hər kəs bir-birini olduğu kimi qəbul edir. Elə buna görə də “Kashalata”ya gələn insanlar buradan təkcə müştəri kimi yox, bu hekayənin bir parçası kimi ayrılırlar.

Bu ideyanın kökündə isə bir ailənin uzun və çətin yolu dayanır. Autizm diaqnozu ilə başlayan qorxu, cəmiyyətin hazırlıqsızlığı, valideynlərin içindəki saysız-hesabsız suallar… Amma bu yol sevgi və mübarizə ilə davam edib. “Birgə və Sağlam” İctimai Birliyinin fəaliyyəti, valideynlərin bir araya gəlməsi, uşaqların sosiallaşması və nəhayət, “onların da öz həyatları olmalıdır” düşüncəsi bu kafenin yaranmasına gətirib çıxarıb.

“Kashalata” adı da təsadüfi deyil. Autizm spektri pozuntusu olan Həmzənin “qaşıq” və “salat” sözlərini birləşdirərək yaratdığı bu saf söz zamanla böyük bir ideyaya çevrilib. Bu ideya deyir ki, fərqlilik qorxulu deyil. Deyir ki, bu gənclərin cəmiyyətə verəcəyi çox şey var — sadəcə onlara imkan yaratmaq lazımdır.

Bu imkanı gerçəyə çevirənlərdən biri də “Azərsun Holdinq”dir. “Bazarstore” mağazalarından təqdim olunan bazarlıqla “Kashalata”nın mətbəxində bişən hər yeməkdə, hazırlanan hər fincan qəhvədə şirkətin mərhum prezidenti Abdulbari Gözəlin vaxtilə xeyir-dua verdiyi sosial məsuliyyət baxışının izi hiss olunur.

Kafedə oturub ətrafı seyr edərkən gözüm divardakı monitorda “Kashalata”ya dəstək göstərən şirkətlərin siyahısına sataşdı. Siyahı kifayət qədər uzundu. Və bir anlıq xəyal etdim: bu siyahı on qat böyüyür, bu model təkcə Bakının mərkəzində yox, Azərbaycanın bütün bölgələrində həyata keçirilir.

Regionlarda olarkən dəfələrlə fərqli uşaqları olan ailələrin ümidsizliyinin şahidi olmuşam. İndi isə təsəvvür edin: hər şəhərdə valideynlər səhər övladlarının evdən işə getdiyini görür, o gənclər isə cəmiyyətin bir parçası olduqlarını hiss edirlər.

Bu artıq təkcə xəyal deyil. “Kashalata” bu gün Gəncədə də fəaliyyət göstərir.

Bu məkanda ustad dərsləri keçirilir, sərgilər təşkil olunur, uşaqlar rəsm çəkir, gənclər oxuyur, ifa edir. Burada təkcə autizmli gənclər deyil, onların anaları, ailələri və bütövlükdə cəmiyyət güclənir. Çünki inklüzivlik bir qrupa yox, hamımıza lazımdır. O, empatiyanı artırır, insanı insana yaxınlaşdırır.

“Kashalata” bizə sadə, amma çox vacib bir həqiqəti xatırladır: autizm sadəcə fərqli bir rəngdir. Əgər biz bu rəngləri qəbul edib bir mozaika kimi birləşdirə bilsək, daha ədalətli, daha isti, daha yaşanıla bilən bir Dünya qura bilərik.

Və bəlkə də hər şey bir fincan qəhvə ilə, səmimi bir gülümsəmə ilə başlayar…

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları