Dostum, həmkarım Pərvin Abbasov illər əvvəl qısa bir hekayə yazmışdı. Reallığı o qədər çılpaq göstərir ki, aradan uzun zaman keçməsinə baxmayaraq, hələ də xatirimdədir:
“Yasdan 7 gün sonra – “yeddi” mərasiminin səhəri günü uzaqdan gələn qohumları da getdi. İndi qadın 10 yaşlı oğluyla tək qaldı. Əsl yas indi başlayırdı...”
Mətbuat Günündən də 7 gün keçib.
Kuryeri gecikən ən sonuncu şirkət də bloknot, powerbank, fleşkart hədiyyəsini redaksiyaya çatdırıb. Ən ləng tərpənən dövlət qurumu da nəhayət bir mediatur təşkil edib, jurnalistləri bir araya toplayaraq peşə bayramı münasibətilə təbrik edib. Sosial şəbəkələrdə bayram təbrikləri, xatirə fotoları, jurnalistikanın əhəmiyyəti haqqında statuslar da yavaş-yavaş gündəmdən çıxıb.
Yenə qayıtmışıq öz köhnə suallarımıza:
Jurnalist kimdir? Bloger kimdir? Media haraya gedir?
Ümumiyyətlə, texnologiyanın bu qədər sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycanda mətbuat qədər yeni sınaqlar qarşısında qalan ikinci bir sahə görmədim.
Dünən qəzetçilərlə onlayn media nümayəndələri kimin daha vacib iş görməsi barədə mübahisə aparırdı. Bu gün isə həmin mübahisənin tərəfləri kənardan instablogerlərin Media Forumdan, dövlət tədbirlərindən, müxtəlif təqdimatlardan paylaşdıqları videolara baxırlar. Bu durumun ən qəliz tərəfi də odur ki, bu halu-qəza tamamilə təbii qarşılanmalıdır.
Hər bir təşkilatçı ötürdüyü mesajın daha çox insana çatmasını istəyir. Dövlət qurumu da, şirkət də, ictimai təşkilat da keçirdiyi tədbirin, verdiyi açıqlamanın və ya həyata keçirdiyi layihənin mümkün qədər geniş auditoriyaya yayılmasını arzulayır.
Üstəlik, hər mesajın dərin araşdırmaya və ya peşəkar jurnalist təqdimatına ehtiyacı da olmur. Bəzən sadəcə bir bəyanat, qısa məlumat və ya görüntü kifayət edir. Onu aşpaz da təqdim edə bilər, səyahətçi də, moda həvəskarı da. Yetər ki, geniş auditoriyası olsun.
Həmin geniş auditoriyaya sahib şəxs sabah cəfəng bir fikir də paylaşa bilər, heç bir təsdiqi olmayan məlumat da yaya bilər. Bunun qarşılığında isə yeganə senzura çox vaxt elə öz izləyicilərinin etirazı olacaq.
İş orasındadır ki, sosial şəbəkələrin yaratdığı reallıqda həmin etirazlar da paylaşım sahibinin xeyrinə işləyir: Müzakirə artır, şərhlər çoxalır, paylaşım daha geniş auditoriyaya çatır. Bir neçə saat əvvəl yanlış fikrinə görə tənqid olunan şəxs, günün sonunda əvvəlkindən daha məşhur ola bilər.
Media qurumunun isə on illərlə formalaşmış nüfuzu, peşəkar kollektivi, arxivləri və redaksiya prinsipləri olsa belə, onun paylaşımının nə qədər insana çatacağı bəzən sosial şəbəkənin alqoritmindən asılı olur.
Bəs illərlə hər məlumatı dəqiqləşdirib, saf-çürük edib saytda dərc edən jurnalistlər özünü harada tapsın?
Oxucusu qarşısında məsuliyyət daşıyan, onun yazdığı xəbərə digər media qurumlarının istinad etdiyini nəzərə alan, bir məlumatın təsdiqini bəzən günlərlə, hətta aylarla gözləyən jurnalist bu yeni mühitdə hansı meyarla qiymətləndirilməlidir?
Bax burada illərlə formalaşmış bir ölçünün nə qədər bəsit olduğu üzə çıxır.
Belə ki, onlayn media yarandığı gündən əsas göstəricilərdən biri xəbərin neçə nəfər tərəfindən oxunması oldu. İnternet şəbəkəsinə qoşulmuş hər bir cihazın rəqəmlərdən ibarət elektron ünvanı – “Internet Protocol”, qısaca IP (AyPi) – media qurumunun nə qədər uğurlu və ya uğursuz olduğunu göstərən əsas rəqəmlərdən birinə çevrildi.
Həmin IP-nin dalınca qaçanlar da nələrdən keçmədi, nələrdən:
Aldadıcı başlıqlar...
Mətnin məzmununa heç bir aidiyyəti olmayan fotolar...
“ŞOK”... “QANDONDURAN”... sözləri ilə bəzənən təqdimatlar...
Trafiki artıran botlar...
Və sair...
Bir sözlə, əvvəllər hər redaksiya, hər jurnalist öz dəst-xətti ilə seçilirdisə, zamanla hamı baxış sayı gətirən xəbərlərdən, yəni IP-dən asılı vəziyyətə düşdü. Vaxtilə ağ-qara rənglərdən istifadə etsə də fərqli yanaşma və məzmuna malik media indi rənga-rəng çalarlara bürünüb biri-birini təkrarlamağa başladı.
Günlərin bir günü də məlum oldu ki, millət kütləvi şəkildə sosial şəbəkələrə axın edib. Media qurumlarının IP uğrunda apardığı mübarizə isə Don Kixotun külək dəyirmanları ilə savaşına bənzəyir.
İnsan artıq xəbəri tapmaq üçün mütləq sayta daxil olmur. Xəbər onun qarşısına özü çıxır. Bəzən “Facebook” lentində... Bəzən “Instagram”ın qısa videosunda... Bəzən “TikTok”da... Bəzən isə heç mənbəsi bilinməyən bir “Telegram” kanalında... İndi insanlar bir birinə xəbərin mətnini, linki yox, yazının "skrini"ni göndərir, yəni mətni foto formatında. Bu da minlərlə insan tərəfindən oxunub müzakirə olunsa da müəllifin statistik göstəricilərində əks olunmur.
İnsan xəbərin tam mətnini oxumadan onun haqqında fikir formalaşdırır. Başlıqdan nəticə çıxarır, 30 saniyəlik videoya baxıb hadisəni dəyərləndirir, sonra da həmin məlumatı başqasına ötürür.
Süni intellektin də gündən-günə inkişafı vəziyyəti daha da mürəkkəbləşdirib.
İndi media sahəsində heç bir təcrübəsi olmayan şəxs də bir neçə dəqiqəyə diqqətçəkən başlıq yaza, xəbər hazırlaya, foto və video yarada, səsli təqdimat hazırlaya bilir.
Nəticədə mətbuat elə bir mühitə daxil olub ki, burada bal ilə şorun qiyməti bəzən eyni tutulur, o məşhur cizgi filmindəki kimi, sabah ipin kimin boynuna keçiriləcəyi isə bilinmir.
Haraya gedək?
Bu sual gün keçdikcə daha çox jurnalisti narahat etməyə başlayır.
Gəlir mənbələri dəyişir, reklam bazarı parçalanır...
Sosial şəbəkələr auditoriyanı özündə saxlayır...
Süni intellekt kontent istehsalını asanlaşdırır,
Oxucu isə daha az vaxt ayırır, daha çox məlumat tələb edir.
Belə bir şəraitdə görünən odur ki, individuallığa qayıda bilənlər həyatda qalmağı bacaracaq.
Vaxtilə onlarla qəzet dərc olunurdu. Amma biz bəzən yalnız bir jurnalistin köşəsinə görə məhz həmin qəzeti alırdıq. Bir müəllifin fikrini oxumaq, onun hadisələrə yanaşmasını görmək üçün qəzetin növbəti sayını gözləyirdik.
Bu gün də sosial şəbəkələrdə gün ərzində minlərlə oxşar kontent paylaşılır. Hər birinin altında on minlərlə “like”, yüzlərlə şərh olur. Amma 5-10 nəfər bir araya gəlib günün mühüm məsələlərini müzakirə edəndə söhbət çox vaxt ən çox “hayp” yığan paylaşımın ətrafında getmir. Müzakirə olunan məsələ bəzən az oxunan, amma lazım olan nöqtəyə toxunan keyfiyyətli kontent olur.
Bəlkə də gələcəyin mediası hamının bildiyi xəbəri daha tez yazmağa çalışan media olmayacaq. Çünki həmin xəbəri süni intellekt də yaza bilər, sosial şəbəkə istifadəçisi də paylaşa bilər.
Gələcəyin mediası hamının gördüyünü təkrarlamaq yox, heç kimin görmədiyini göstərmək bacarığı ilə seçiləcək.
Yəni fərqlənən media yenə də öz dəst-xətti olan media olacaq.
Televiziyalar da düşünməlidir...
Bu yaxınlarda sosial mediada aktiv olan həmkarlarımızdan biri digər iki jurnalistlə birlikdə foto paylaşıb yazmışdı:
“Biz üçümüz eyni anda canlı yayım açsaq, izləyicilərimiz hansısa ortabab televiziya kanalından çox olar”.
Haqsızdırmı?
Haqlıdır.
Bəs elədirsə, o qədər resurs sərf olunan, böyük texniki imkanlara, studiyalara, əməkdaş heyətinə və yayım şəbəkəsinə malik televiziya kanalı niyə ayaq üstə saxlanılır?
Əgər “tamaşaçı bu verilişi istəyir” deyərək saatlarla Ucarın hansısa kəndində keçirilən toyu göstərmək, yaxud əvvəlindən hər hansı nəticəyə hasil olunmayacağı bəlli olan ailə-məişət mövzularını müzakirəyə çıxarmaq lazımdırsa, dövlət bunun üçün niyə böyük resurs xərcləməlidir?
TikTok fenomenlərinin təqdimatında bu kimi şoular bəzən daha səmimi, daha təbii və daha çox izlənilən alınır.
Demək ki, televiziya kanalları da antenalarını qabaqlarına qoyub yaxşı-yaxşı düşünməlidirlər:
Blogerlərin daha yaxşı bacarmadığı nəyi təqdim edə bilərik?
Əgər cavab yalnız “bizim daha böyük studiyamız var”dırsa, bu artıq üstünlük deyil.
Əgər cavab “biz daha çox kamera ilə çəkirik”dirsə, bu da kifayət etmir.
Televiziyanın üstünlüyü peşəkar jurnalistikada, geniş reportaj imkanlarında, araşdırmada, canlı bağlantılarda, regionlardan keyfiyyətli məlumat toplamaqda və cəmiyyət üçün vacib mövzuları gündəmə gətirməkdə olmalıdır.
Televiziya tamaşaçıya sosial şəbəkədə tapa bilmədiyi dəyəri təqdim etməlidir.
Çünki sosial şəbəkə diqqəti bir neçə saniyəlik cəlb edə bilər. Amma cəmiyyətin yaddaşında qalacaq sualları yenə də peşəkar media verməlidir.
Bir gün hamı eyni xəbəri, eyni başlıqla, eyni süni intellekt mətnindən, eyni sosial şəbəkə videosuna baxaraq paylaşacaq.
O zaman isə sual jurnalistin blogerdən nə ilə fərqləndiyi olmayacaq.
Sual bu olacaq:
Bu qədər informasiyanın içində həqiqət haradadır?