SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Əlimdə gül, qarşıda bir ömür

Əlimdə gül, qarşıda bir ömür

2001-ci ilin sentyabrı idi. Payızın ilk günləri... Küləkli, tutqun bir payız səhəri. Amma mənim payızdan xəbərim yox idi. Əynimdə qısaqol ağ köynək, şort, ayağımda səndəl, əlimdə isə məndən az qala böyük bir gül buketi vardı.

Birinci sinfə gedirdim.

Gül buketi də, deyəsən, mənimlə eyni həyəcanı yaşayırdı. Özümü düz saxlaya bilmirdim, buket əlimdə o tərəfə-bu tərəfə əyilirdi. Sanki məktəbə mən yox, güllər məni aparırdı.

O gün mənim üçün sadəcə məktəbə ilk getdiyim gün idi. Nə biləydim ki, illər sonra həmin səhər uşaqlığımın ən doğma xatirələrindən birinə çevriləcək...

2001-ci il... Məktəbə ilk dəfə həmin il getmişəm. Əvvəl Osman Mirzəyev adına 190 nömrəli orta məktəbin şagirdi olmuşam. Həmin ilin ikinci yarımilindən isə Eldar Məmmədov adına 189 nömrəli orta məktəbə keçmişəm. İllərdir ki, məktəblər birləşib, 189-190 nömrəli tam orta məktəbə çevrilib. İndi 25 il əvvələ qayıdanda qəribə hiss yaranır. Çünki o vaxt məktəbə getmək həyatımızın adi bir hissəsi idi, indi isə həmin günlər uşaqlığımın ən uzaq, amma ən doğma xatirələrinə çevrilib.

Səhərlər evdə məktəbə hazırlaşmağımız yəqin ki, indiki uşaqlardan çox fərqli idi. Telefonun zəngi ilə oyanmaq, məktəb qrupuna yazmaq, elektron gündəlikdən dərsə baxmaq kimi şeylər yox idi. Evdə kimsə “dur, məktəbə gecikəcəksən” deyirdi. Yuxulu-yuxulu qalxırdıq, geyinirdik, çantanı götürürdük. Bəzən kitab-dəftərimizi axşamdan hazırlayırdıq, bəzən də səhər yada düşürdü ki, hansısa dəftər çantaya qoyulmayıb.

O vaxt məktəbə hazırlaşmaq özü bir mərasim kimi idi. Dəftərlər, kitablar, qələmlər, pozan... Çantanın içində nə vardısa, hamısı bizə çox vacib görünürdü. İndi isə düşünürəm ki, o çantanın içində dərs ləvazimatlarından daha çox uşaqlığımızı daşıyırmışıq.

O.Mirzəyev adına 190 nömrəli məktəbdə keçirdiyim ilk aylar da həmin uşaqlığın bir hissəsidir. Sonra E.Məmmədov adına 189 nömrəli məktəbə keçdim. Həmin keçid o vaxt mənim üçün bəlkə də adi bir dəyişiklik idi. Amma indi geriyə baxanda görürəm ki, məktəb həyatımın ilk illərinin özü bir neçə ünvanda qalıb.

İllər keçdi. Məktəbin dəhlizləri, sinif otaqları, müəllimlər, dostlar... Hamısı uşaqlığın ayrı-ayrı səhifələrinə çevrildi. Səhər məktəbə getmək, dərslər, tənəffüslər, ev tapşırıqları, qiymətlər, məktəbdən çıxanda dostlarla söhbətlər... O vaxt bunların hamısı həyatın özü idi. Heç düşünmürdük ki, bir gün bunların hamısı xatirəyə çevriləcək.

IX sinfə qədər həmin məktəb həyatı davam etdi. Sonra isə başqa bir mərhələ başladı. Məktəbi IX sinifdən sonra bitirib kollecə keçdim. Beləcə, uşaqlığın məktəb çantası bir tərəfdə qaldı, qarşıda isə artıq başqa bir həyat, başqa bir təhsil mühiti açıldı. O vaxt bunu sadəcə növbəti addım kimi görürdüm. İndi isə anlayıram ki, əslində uşaqlıqla yeniyetməlik arasındakı sərhədi də elə həmin vaxt keçmişəm.

Məktəbdən ayrıldığım günlərdə yəqin ki, bir daha həmin siniflərə, həmin dəhlizlərə bu qədər bağlı olacağımı düşünmürdüm. İnsan elə bilir ki, qarşıda daha maraqlı günlər var və keçmiş artıq arxada qalıb. Amma illər keçdikcə qəribə bir şey baş verir: gələcəkdə axtardığın xoşbəxtliyin bir hissəsinin çoxdan yaşanıb keçdiyini anlayırsan.

Bu gün 189 -190 nömrəli məktəbdə başqa uşaqlar oxuyur. Səhərlər başqa uşaqlar məktəbə hazırlaşır, başqa valideynlər “tez ol, gecikirsən” deyə səslənir, başqa uşaqlar çantalarını götürüb həmin qapıdan içəri girirlər. Onlar da hələ bilmirlər ki, bir gün bu adi səhərlər üçün darıxacaqlar.

Mən də bilmirdim.

2001-ci ildə məktəbə ilk dəfə gedəndə bilmirdim ki, 25 il sonra həmin günləri xatırlayacağam. Bilmirdim ki, bir gün məktəb çantasının ağırlığı yox, o çantanı daşıyan uşağın özü üçün darıxacağam.

Bəzən insan keçmişə qayıtmaq üçün illərlə axtardığı bir şəkilə ehtiyac duymur. Bir məktəb binası, bir sinif, bir köhnə küçə, hətta səhər vaxtı havaya yayılan məktəb təlaşı kifayətdir.

Və bir anda 31 yaşında olduğunuzu unudursunuz.

Yenidən uşaq olursunuz.

2001-ci ilin səhəridir.

Evdə məktəbə hazırlaşırsınız.

Çantanız yanınızdadır.

Bir az yuxulusunuz, bir az tələsirsiniz.

Qarşıda isə sizə çox uzun görünən bir həyat var.

Hələ heç nədən xəbəriniz yoxdur.

Nə 25 ildən, nə böyüməkdən, nə də bir gün həmin səhərlər üçün darıxacağınızdan...

Skat.az - Ev və Avtomobil elanları