17 il əvvəl, 30 aprel 2009-cu ildə, Azərbaycan Dövlət Neft Akademiyası heç vaxt unudulmayacaq bir səhərə oyandı.
Yurd.Media xatırladır ki, o gün, hər şey olduğu kimi davam edirdi — tələbələr dərsə, müəllimlər işə gedirdi. Amma saat 09:30-da həyati bir boşluq açıldı, zaman birdən dayandı. Birinci mərtəbənin pilləkənlərindən yüksələn atəş səsləri universitetin normal axışını pozdu. Həmin an, kimisi qaçaraq canını qurtarmağa çalışdı, kimisi sinəsini sipər edib başqalarını qorumağa.
Akademiyanın dəhlizlərində həyatla ölüm arasındakı sərhəd bir neçə saniyə içində silindi. Əlində tapança tutan şəxs soyuqqanlılıqla yuxarı mərtəbələrə doğru irəliləyir, auditoriya qapılarında, dəhlizdə, pilləkən keçidlərində qarşısına çıxan hər kəsi güllələyirdi. Barıt qoxusu və güllə səsləri universitetin divarlarına hoparkən, müəllimlər tələbələrini qorumaq üçün sinələrini sipər edir, gənclər bir-birini xilas etmək üçün son anadək mübarizə aparırdılar.
Bina isə çoxdan xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınmış, snayper hazır vəziyyətə gətirilmiş, xüsusi əməliyyata başlanılmışdı. Həmin gün akademiya sadəcə bir təhsil ocağı deyil, yarımçıq qalmış talelərin və susdurulmuş gülüşlərin son dayanacağı oldu...
17 il ərzində çox şey dəyişib. Bu gün həmin qanlı hadisənin baş verdiyi ikinci korpusun dəhlizlərində yenə tələbə qaynaşması var. İndi həmin pilləkənlərdən qalxan gənclər 17 il əvvəl burada nələrin yaşandığını unutmurlar. Artıq həmin auditoriyalarda başqa tələbələr əyləşir, müəllimlər mühazirə oxuyur, amma hər ilin bu günü elm ocağının həyətindəki o ağır sükut sanki zamanı yenidən 09:30-a qaytarır.
Yeni nəsil Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tələbələri heç vaxt görmədikləri tələbə yoldaşlarını öz doğmaları kimi anır.